YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri    

XXXIII Paris Yay Olimpiya Oyunları Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini, bunun nəticəsi olaraq idmançılarımızın yüksək nəticələr qazandıqlarını bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşündə diqqəti bu məqamlara yönəltdi. Dövlətimizin başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini bildirdi. Onu da qeyd etdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı bildirdi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara minnətdarlığını ifadə etdi.

“Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur.  Dövlətimizin başçısı idmançılarımızın  uğurunu belə dəyərləndirdi: “Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.”

Mütəxəssislərin qeyd etdikləri kimi, Olimpiya Oyunları dedikdə  idman yarışlarının, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar çərçivədə  deyil,  geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Bu baxımdan əsrlərlə yaşı olan Olimpiya Oyunları  müasir günümüzdə də maraqla izlənilir. İlk dəfə 776-cı ildə  qədim Yunanıstanın Olimpiya şəhərində  Zevsin şərəfinə keçirilən Olimpiya Oyunları  sonradan kütləvi idman bayramlarına, dostluq, bərabərlik simvoluna çevrilmişdir.  O dövrün qalibləri isə  zeytun ağacının budaqlarından hörülmüş çələnglə mükafatlandırılırdılar. Qədim Yunanıstanda mövcud olmuş  Olimpiya Oyunlarının bərpası təşəbbüsünü XIX əsrin sonlarında  fransız ictimai xadimi  baron Pyer de Kuberten təklif etmişdir. Onun dövründə  Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir  1896-cı ildən etbarən hər 4 ildən bir keçirilir. Buraya dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər Yay və Qış Olimpiya Oyunları eyni ildə  keçirilirdi. Lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi Yay Oyunlarına nəzərən iki il irəli çəkildi. 

Azərbaycanın Olimpiya Oyunlarında iştirakına və idmançılarımızın nəticələrinə diqqət yetirdikdə bu göstəricilərin ildə-ilə artdığını görürük. Bu, ölkəmizdə idmanın bütün növlərinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Ulu Öndər Heydər Əliyev “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və  hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində  tanınır. Demək olar ki,  idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir  vasitə yoxdur” fikirləri ilə bu sahənin inkişafına  verilən önəmi şərtləndirən əsas amilləri  diqqətə çatdırmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirən Ümummilli Lider  fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsini vacib amil kimi önə çəkdi. Dahi şəxsiyyətin bu istiqamətdə atdığı  biri-birindən əhəmiyyətli addımların   Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdə  yaradılmış müasir idman infrastrukturu da bu göstəriciləri tamamlayır. Buna ölkəmizdə  keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, Azərbaycanda idmanın  sürətlə inkişaf etdiyini əminliklə qeyd edə bilərik.  İdmanın kütləviliyi təmin edilir və ölkəmizdə Olimpiya hərəkatı çox yüksək səviyyədədir.