YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Həm tarix, həm mədəniyyət, həm də ənənələrimiz bu birliyi diktə edir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.  Tam əminliklə söyləmək olar ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Azərbaycanın  ikiillik sədrlik dönəmində türk dünyasının birliyi istiqamətində atdığı addımlar daim təqdir edilir. Hazırda daha bütöv, birləşmiş şəkildə gələcəyə addımlayırıq. Cənab İlham Əliyev daim bu əminliyi ifadə edir ki, təşkilatın çox gözəl gələcəyi var.  Həm tarix, həm mədəniyyət, həm də ənənələrimiz,  adət-ənənələrimiz  bu birliyi diktə edir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir.

Bu gün türkdilli dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafı göz qabağındadır. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin avqustin 8-də  Qazaxıstan  Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə bu ölkəyə səfəri və Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirakı da münasibətlərimizin hazırkı inkişafı barədə aydın təsəvvür yaradır.

Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərirlər. Tarixi Zəfərimizdən sonra  qarşılıqlı səfərlərin  dinamikası diqqətdən kənarda qalmır. Bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə öncə dəvətə görə qazaxıstanlı həmkarına təşəkkür etdi və bildirdi ki, ötən il Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak edib. Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir: “Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.”

O da qeyd edildi ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirildi.

Tədbirdəki çıxışında ölkəmizin nəqliyyat-tranzit imkanlarından da bəhs edən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.

Ümumilikdə Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılıb. Bu mühüm çağırış səsləndirilir ki, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə nə qədər çox yük daşınarsa, əməkdaşlığımız o qədər inkişaf edəcək, Qazaxıstanla Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında daha böyük rol oynayacaqlar.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Onu da qeyd edək ki, ölkəmiz Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək. Cənab İlham Əliyev çıxışında diqqəti hazırda əsas müzakirə mövzularından olan COP29-a Azərbaycanın ev sahibliyinə yönəldərək bildirdi ki, Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.