Xəbərlər
Tarixi ədalətin təntənəsi
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
25 Noyabr – Kəlbəcər şəhəri günü Azərbaycanın tarixində yalnız bir tarixi hadisəni xatırlatmır; bu gün həm də Kəlbəcərin uzun illər boyu məruz qaldığı hərbi işğal, qeyri-qanuni demoqrafik dəyişikliklər, ekoloji və mədəni vandalizm kimi ağır cinayətlərin ictimai yaddaşda yenidən canlanması üçün mühüm bir gündür.
1993-cü ildən etibarən Ermənistanın Kəlbəcər və digər Azərbaycan ərazilərində həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq hüquqa, Cenevrə Konvensiyalarına və bütün humanitar prinsiplərə zidd idi. Bu siyasət regionun demoqrafik strukturunu süni şəkildə dəyişdirməyə, Azərbaycan xalqının tarixi irsini silməyə və Ermənistanın işğal faktını uzunmüddətli etməyə yönəlmişdi.
Ermənistanın işğal illərində həyata keçirdiyi məskunlaşdırma siyasəti təsadüfi proses deyildi – bu, planlı şəkildə təşkil edilmiş, dövlət səviyyəsində dəstəklənmiş və uzunmüddətli məqsədlər daşıyan işğal strategiyasının ayrılmaz hissəsi idi.
Əsas məqsədlər işğal edilmiş Azərbaycan ərazilərinin statusunu dəyişdirmək, Regionun etnik tərkibini süni şəkildə erməniləşdirmək, tarixi Azərbaycan izlərini silmək və yeni kimlik uydurmaq idi. Bu siyasət həm Cenevrə Konvensiyalarının 49-cu maddəsini, həmçinin Haaqa Konvensiyasının tələblərini kobud şəkildə pozurdu. Bu sənədlər işğal edən dövlətin işğal olunmuş ərazilərə öz əhalisini köçürməsini qəti şəkildə qadağan edir.
İşğaldan əvvəl Kəlbəcər Azərbaycanın ən iri rayonlarından biri idi və burada 60 mindən çox azərbaycanlı yaşayırdı. Ermənistanın işğalından sonra demoqrafik mənzərə zorla dəyişdirildi. Ermənistan müxtəlif bölgələrdən gətirilmiş erməniləri Kəlbəcərdə yerləşdirdi, qeyri-qanuni tikililər, yaşayış məntəqələri salındı, torpaq, təbii sərvət və su ehtiyatları mənimsənildi. Minillik tarixə malik alban və türk-müsəlman abidələri dağıdıldı və ya saxtalaşdırıldı. Bu addımlar təkcə azərbaycanlılara qarşı edilən ədalətsizlik deyildi – bu, bütövlükdə bəşəriyyətin mədəni irsinə vurulan zərbə idi.
Kəlbəcərin işğalı Ermənistan tərəfindən yalnız demoqrafik dəyişikliklə müşayiət olunmadı. Paralel olaraq bu bölgədə zəngin qızıl yataqları talan edildi, meşə və dağ ekosistemləri məhv edildi, otlaq sahələri yandırıldı və qəsdən sıradan çıxarıldı, yeraltı və yerüstü su ehtiyatları istismar edildi. Bütün bu qanunsuz fəaliyyətlər Ermənistanın məqsədinin yalnız əraziləri işğal etmək deyil, həm də onları iqtisadi və ekoloji baxımdan yararsız vəziyyətə salmaq olduğunu göstərirdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə edilən möhtəşəm Qələbə nəticəsində Kəlbəcər döyüşsüz şəkildə Azərbaycana qaytarıldı. Bu, təkcə hərbi-siyasi uğur deyil, həm də qeyri-qanuni məskunlaşdırma siyasətinin iflasa uğraması, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqidir.
Bu gün Kəlbəcərdə aparılan böyük quruculuq işləri – yollar, tunellər, elektrik xətləri, su kommunikasiyası, sosial obyektlər Azərbaycan dövlətinin bölgəyə ikinci nəfəs vermək iradəsinin simvoludur. Azərbaycan dövləti Kəlbəcərə Böyük Qayıdış prosesini planlı şəkildə həyata keçirir. Qayıdış təkcə insanların yenidən öz yurduna dönməsi deyil, həm də zorla dəyişdirilmiş demoqrafiyanın bərpası, yaşayış məntəqələrinin yenidən dirçəldilməsi, tarixi abidələrin bərpası, təbii sərvətlərin qorunması, regionun turizm, kənd təsərrüfatı və sənaye potensialının yenidən canlandırılması deməkdir.
Artıq Kəlbəcər yenidən qurulan Azərbaycan şəhəri kimi təqdim olunur. Ermənistanın Kəlbəcərdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq hüquqa meydan oxuyan, planlı şəkildə həyata keçirilmiş, həm tarixi, həm dini, həm də mədəni irsimizə qarşı yönəlmiş ağır cinayət idi. Lakin 2020-ci ildə Azərbaycanın qazandığı tarixi Qələbə bu siyasəti tamamilə puç etdi və Kəlbəcərin öz sahiblərinə qayıtması ilə nəticələndi.
Kəlbəcər Azərbaycan dövlətinin gücünün, xalqımızın iradəsinin və tarixi ədalətin təntənəsinin ən parlaq nümunələrindən biridir. 25 noyabr - Kəlbəcər şəhəri günü bu reallığın, milli qürurun və böyük dönüşün bayramıdır.
