YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxlı seçicilərlə görüş

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun rayonun Aşağı Qarxun kəndində seçicilərlə görüşü keçirilib.

Görüş YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyevin Ümummilli Lider Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqilliyin bərpasından sonrakı dönəmdə Azərbaycanın maraqları naminə həyata keçirdiyi misilsiz xidmətlərdən geniş bəhs etməsi ilə başlayıb. O qeyd edib ki, Cənubi Qafqazda alternativi olmayan Yeni Azərbaycan Partiyası indiyədək Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, Azərbaycanın hərtərəfli inkişafını təmin etməklə yanaşı, saysız-hesabsız uğurlara imza atmışdır. İştirak etdiyi bütün seçkilərdə YAP inamlı qələbə qazanaraq, xalqın partiyası olduğunu sübuta yetirmişdir.

Deputatlığa namizəd İlham Məmmədov öncə seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib və onları seçki prosesində daha fəal olmağa çağırıb.  O söyləyib ki, Yeni Azərbaycan Partiyası məmləkət tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında və bu böyük şəxsiyyətin ətrafında birləşən Azərbaycan ziyalılarının təşəbbüsü, fəal iştirakı ilə yaranmışdır. YAP yarandığı gündən ardıcıl olaraq azərbaycançılıq və dövlətçilik mövqeyində durmuş, öz proqram prinsiplərinə sədaqət nümayiş etdirmişdir. Bu gün isə YAP zəngin və şərəfli inkişaf yolu keçərək Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlər əldə edir. 

Sonda İlham Məmmədov seçiciləri dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan uğura aparan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə dəvət edib.       

Seçicilər də öz növbəsində Azərbaycanın işıqlı sabahına – YAP-ın namizədinə səs verəcəklərini deyiblər.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd İlham Məmmədov rayonun Aşağı Qarxun kəndində Vətən müharibəsi şəhidi Yusifli Özal İdris oğlunun, Yuxarı Qarxun kəndində isə Birinci Qarabağ müharibəsi şəhidi Həmidov Teymur Həzi oğlunun ailəsini ziyarət edib, onların problemləri ilə maraqlanıb.

Eyni zamanda, Yuxarı Qarxun kəndində və YAP Yevlax rayon təşkilatının inzibati binasında da bir qrup seçici ilə görüş keçirilib.