Xəbərlər
Uğurların davamı naminə...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Samux rayonunun İstixana kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxışında seçkilərin tam şəffaf və demokratik şəraitdə keçiriləcəyini diqqətə çatdırıb. Bildirib ki, seçicilər bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərini mütəşəkkil qaydada dəstəkləyəcəklər.
Çıxış edən deputatlığa namizəd Mübariz Qurbanlı bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, həmçinin yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. O, uğurların davamı naminə seçiciləri parlament seçkilərində fəal olmağa çağırıb.
Tədbirdə, həmçinin Vətən müharibəsi veteranı Bəhruz Məmmədov, kənd ağsaqqalı İsmayıl Həsənov, kənd sakini Könül Mustafayeva və digərləri çıxış ediblər. Qeyd olunub ki, bu gün YAP-ı Azərbaycan xalqının mütləq əksəriyyəti dəstəkləyir.
Çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.