Xəbərlər
Azərbaycanın tərəqqisi naminə...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 118 saylı Ağdam-Xocalı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Məmmədovun Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət Evində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev qeyd edib ki, YAP Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi yaranan partiyadır: “Parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılan partiyamız artıq 32 ilə yaxındır ki, Azərbaycanın inkişafı naminə yorulmadan çalışırır. Biz bu dəfə də YAP-ın möhtəşəm qələbə qazanacağına əminik”.
Çıxış edən deputatlığa namizəd Elman Məmmədov bildirib ki, yarandığı dövrdən bu günə qədər YAP yalnız Azərbaycanın tərəqqisi naminə çalışır: “Ötən bu illər ərzində partiya Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə yorulmadan fəaliyyət göstərir”. Yaxın tarixə nəzər salan Elman Məmmədov xatırladıb ki, 2003-cü ildə Ulu Öndərin çağırışına səs verən Azərbaycan xalqının Heydər Əliyev ideyalarını, onun əsasını qoyduğu ənənələri uğurla davam etdirən Prezident İlham Əliyevə etimad göstərməsinin nə qədər doğru seçim olduğu bu gün inkişaf edən, qalib, Zəfər qazanmış Azərbaycan dövlətinin timsalında öz təsdiqini tapdı: “Bizim budəfəki parlament seçkilərimiz ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır”.
Tədbirdə iştirak edən Arif Əhmədov, Xalidə Həsənova, Şədaqət Hüseynova və başqaları çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.