YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələr bütün sahələrdə intensiv xarakter alıb

“Azərbaycan Mərkəzi Asiya ölkələri, xüsusilə də, regionun türk dövlətləri ilə qarşılıqlı münasibətlərə mühüm əhəmiyyət verir. Son illərdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir.” Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycan və Qazaxıstanı sıx müttəfiqlik əlaqələri ilə yanaşı, ortaq tarix, mədəniyyət və milli köklər bağlayır. Bu isə təbii olaraq qarşılıqlı əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Hazırda ölkələrarası münasibətlər özünün ən yüksək mərhələsini yaşayır. Avqustun 9-da Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının Astana görüşündə  fəxri qonaq qismində iştirak edən ölkəmizin başçısı Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında mövcud olan və getdikcə daha çox şaxələnən səmərəli əlaqələrin əhəmiyyətindən və qarşıda duran vəzifələrin icrasının vacibliyindən söhbət açaraq bildirib ki, bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.

K.Bayramov diqqətə çatdırıb ki, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Ölkələrimizin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilmələrinə xidmət edən "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası istiqamətində görülmüş işlər təqdirəlayiqdir. Xatırladaq ki, 2022-ci il sentyabrın 28-də “AzərTelecom” və “Kazakhtelecom” telekommunikasiya şirkətləri arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb. Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. “SOCAR Midstream Operations” MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından “Prezident Heydər Əliyev” tankerinə ilk yüklənməsi ötən il martın 21-də, “Şuşa” tankerinə ikinci yüklənməsi isə, martın 28-də həyata keçirilib.

Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib. Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

K.Bayramov əlavə edib ki, türkdilli dövlətlər arasında əlaqələrin inkişafında Azərbaycanın xüsusi rolu var. Dövlətimizin başçısı əlaqələrin inkişaf etdirilməsini prioritet hesab edir və iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman bir-birini dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKPA kimi təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq mövcuddur.