YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan beynəlxalq nüfuzunu gücləndirməkdədir”

Əli Hüseynli

Milli Məclisin deputatı

Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi kimi çətin geosiyasi şəraitdə uğurlu müstəqil xarici siyasət həyata keçirir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunur və daim milli maraqlara söykənir. Ölkəmizin iqtisadi  sistemi təkmilləşir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atilır.

Ən ciddi uğurlardan biri bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi barədə qəbul edilən qərardır. Belə bir mötəbər tədbirin məhz Azərbaycanda keçiriləcəyi gərgin fəaliyyətin, aparılan xarici siyasət kursunun doğru olduğunun göstəricisidir.

Ümumiyyətlə, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da toplantılarına dəvət alması və həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun ifadəsidir. İyunun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya səfəri və “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısı da bu mənada istisna deyil. Budəfəki tədbirə 45 nüfuzlu dövlət və hökumət başçısı ilə bərabər ilk dəfə olaraq NATO, ATƏT və Avropa Şurasının nümayəndələri də dəvət olunmuşdular.

Bundan öncə sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Mərkəzi Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı Şərq-Qərb vektoru üzərində ölkəmizin böyük siyasi çəkisi, coğrafi mövqeyi və iqtisadi uğurları ilə şərtlənir. Məlum olduğu kimi, məhz həmin sammit çərçivəsində  “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul edilmişdir ki, bu da Azərbaycanın yaxın gələcəkdə daha yüksək nailiyyətlər əldə etməsi üçün mühüm zəmindir. Astanada Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında keçirilən üçtərəfli görüş isə üç ölkə arasında strateji tərəfdaşlığın yüksələn səviyyəsini nümayiş etdirir.

Ona görə də təsadüfi sayılmamalıdır ki, Böyük Britaniya Azərbaycanın regional güc potensialına malik olduğunu diqqətə alır  və Cənubi Qafqazın lideri və Mərkəzi Asiyanın təhlükəsizliyində mühüm rol oynamağı hədəf seçən Azərbaycanla işləməyi öz prioritetlərı sırasına daxil edir. Rusiya – Ukrayna müharibəsi fonunda yaranan xaotik beynəlxalq nizamda ölkəmizin artan oyunçuluq qabiliyyəti yüksək qiymətləndirilir.

Bu strategiyalarına nail olmaqdan ötrü London Avropa  Siyasi Birliyinin Zirvə sammitində Azərbaycan və Ermənistan liderlərinin görüşünü açıq təşəbbüskarlıqla dəstəklədi. Amma Ermənistanın görüşdən imtinası bir tərəfdən rəsmi İrəvanın, digər məsələlərdə olduğu kimi, yenə də qeyri-səmimi davranışını nümayiş etdirir, digər tərəfdən isə regionda sülhün təmin olunmasında heç də maraqlı olmadığını göstərir. İyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən bununla bağlı demişdir: “Bu gün mən daha az nikbinəm. Çünki bildiyiniz kimi, baş nazir Paşinyan mənimlə Britaniyada görüşməkdən imtina etdi. Bu, Britaniya Hökumətinin təşəbbüsü idi… Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik, çünki dörd ay bundan əvvəl Kansler Şolts Münxen şəhərində bənzər bir görüş təşkil etdi… Beləliklə, görüşümüz ikitərəfli qaydada davam etdi… Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, Londona və Oksforda niyə səfər edirdi? Yəni, bir sıra məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq… Bir istiqamət mətndir - sülh sazişinin mətni, digəri isə, əlbəttə ki, dediyim kimi, Ermənistan konstitusiyasıdır”.

Avropa siyasi birliyinin 4-cü Sammiti çərçivəsində "Energetika və rabitə" mövzusunda xüsusi təşkil olunmuş "dəyirmi masa"da çıxış edən Prezident İlham Əliyev xatırladıb ki, Bakı 2027-ci ilin sonuna qədər Avropaya qaz tədarükünün iki dəfə artırılmasını nəzərdə tutur və ölkə bu məqsədə doğru inamla irəliləyir. "Əgər 2021-ci ildə Azərbaycan qazının Avropaya tədarükü 8 milyard kubmetr təşkil edirdisə, bu il bu həcm təxminən 13 milyard kubmetr təşkil edəcək. 2021 - ci ildə ixracın ümumi həcmi 18 milyard kubmetr, bu il isə 25 milyard kubmetr təşkil edəcək ki, bu həcmin yarıdan çoxu Avropaya gedəcək", - deyən Azərbaycan dövlətinin başçısı hazırkı gərgin şəraitdə yüksək tərəfdaşlığın bütün tələblərinə riayət etməyin vacib olduğunu xatırladıb. Azərbaycanın yaşıl enerji ixracı üçün arsenalını qüvvətləndirməsi Londonun qlobal siyasətdə Azərbaycanın gündəliyinə əhəmiyyətli dəstəyinə gətirib çıxaracaq.

Dövlətimizin başçısı dəyirmi masada ölkəmizin enerji siyasətinin uğurlarından geniş bəhs edərək etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyini əsaslı şəkildə diqqətə çatdırmişdir: “Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.” Beynəlxalq ictimaiyyət Zirvə Toplantısında Prezident İlham Əliyevin personasına yüksək diqqətin şahidi oldu. Azərbaycan liderinin yüksək nüfuzu, şübhəsiz ki, onun davamlı islahatlara meyli və həlli çətin olan vəzifələr istiqamətində qətiyyəti ilə bağlıdır. Bu səbəbdən dövlət və hökumət başçıları, beynəlxalq qurumlar mühüm sammitlərdə və görüşlərdə Azərbaycan lideri ilə fikir mübadiləsinin aparılmasını özləri üçün vacib hesab edirlər. Təsadüfi deyil ki, Oksfordda ikitərəfli gündəm, Azərbaycan-Aİ formatında münasibətlər və təbii ki, COP29, eləcə də Cənubi Qafqaz gözləntiləri kontekstində sülh gündəliyi məsələlərini müzakirə etmək üçün İlham Əliyevlə görüşən Avropa liderləri cənab İlham Əliyevin düşüncələrini yüksək dəyərləndirmişlər. Beləliklə, London səfəri Azərbaycanı yeni uğurlara daşıyan yolun üzərindəki növbəti mühüm mərhələnin tərkib hissəsi kimi qiymətləndirilməlidir.