Xəbərlər
Əlaqələr gədim tarixi köklərə bağlıdır
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor
Azərbaycanla Misir arasında əlaqələr gədim tarixi köklərə bağlıdır. Azərbaycan SSRİ tərkibində olan vaxtlarda Misirlə mehriban dostluq əlaqələri mövcud olub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra da bu əlaqələr güclənmiş, son dövrlər daha da dərinləşmişdir. Prezident İlham Əliyevim Misirə budəfəki səfəri Azərbaycan-Misir əlaqələrinin inkişafına böyük töhfə verəcək və yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Ölkə başçımız Misirə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış etdi. Çıxışında cənab İlham Əliyev Misirlə Azərbaycan arasında mövcud siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da genişləndiriləcəyini vurğuladı. Azərbaycanla Misir bütün beynəlxalq təşkilatlarda bir birini dəstəkləyir və eyni mövqedən çıxış edirlər. Hər iki dövlət islam həmrəyliyinin gücləndirilməsində birgə səylər göstərir. Azərbaycanın Qoşulmama Hərəkatında 4 illik fəaliyyətində Misir ölkəmizə böyük dəstək göstərib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın beynəlxalq aləmdə nüfuzu xeyli artmışdır. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə İsrail-Fələstin münasibətlərinin tənzimlənməsini diqqətdə saxlamışdır. Azərbaycanın mövqeyi hər zaman birmənalı olmuşdur və müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləmişdir. Azərbaycan həmişə münaqişələrin sülh və danışıq yolu ilə tənzimlənməsinin tərəfdarı olmuşdur.
Prezident İlham Əliyev çıxışında həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair mövcud vəziyyət barədə də məlumat verdi. Azərbaycan 2023-cü ildə öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün yaxşı imkanlar yaranmışdır. 30 il işğal altında olan Qazaxın 4 kəndi danışıqlar yolu ilə Azərbaycana qaytarılmışdır. Əgər Ermənistan konstruktiv mövqe nümayiş etdirərək Azərbaycanın beynəlxalq hüquqa söykənən şərtlərini gəbul edərsə yaxın vaxtlarda sülh müqaviləsi imzalana bilər.
Ölkə başçımızın Misirə rəsmi səfəri çərçivəsində iki dövlət arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində bir sıra mühüm sənədlər imzalandı. Ümumiyyətlə son illər Azərbaycanla Misir arasında ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. İmzalanmış sənədlər və əldə edilmiş razılaşmalar ticarət dövriyyəsini daha da artıracaq.