Xəbərlər
Bizim ailəmiz Türk dünyasıdır

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.Dövlət başçısı TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə həm bölgəmizin əmin-amanlığı üçün, həm türk dilli dövlətlərin birliyi üçün önəmli mesajlar verərək Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini önə çəkdi.
Görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, "Belə toplantılar bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olur, əminəm ki, Bakı toplantısı da istisna olmayacaq. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.
Eyni kökə, eyni dinə, eyni dilə, milli dəyərlərə, mədəniyyətə sahib olan türk dünyasının bir yumruq kimi birləşməsi olduqca zəruridir. Tarixin bütün dövrlərində türk xalqlarının birliyi əsas prioritetlərdən olmuşdur. Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması Türk dövlətlərinin bir təşkilat altında birləşməsini labüd edirdi. Məhz bu səbəbdən Türk ölkələrinin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Türkdilli dövlətlər xalqları arasındakı tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”ni imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib.Azərbaycan ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə TÜRKPA-nın verdiyi töhfələri həmişə yüksək qiymətləndirir.
Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda Türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırıb. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ümumən Türk dünyasının nüfuzunun artmasına səbəb olub. Bu, bütün Türk dünyasının zəfəridir.