Xəbərlər
İnteqrasiya prosesi sürətlənib

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Dünyada və Avrasiya məkanında cərəyan edən proseslər Türk dövlətlərinin maraqları kontekstindədir. Qeyd etmək lazımdır ki, son illlərdə Türk dövlətlərinin bir-birinə inteqrasiyası prosesi sürətlənib. Dünyanın siyasi və iqtisadi sferasında böyük potensiala malik olan türk xalqlarının gələcək strategiyasının müəyyənləşdirlməsi Türk Dövlətləri Təşkilatının dünyanın siyasi düzənində müstəsna rol oynayacağına böyük ümidlər yaradır. Əsrlər boyu geniş bir ərazidə mövcud olan tarixi, etnik və dini bağlarla sıx əlaqədə olan Türk dövlətlərində 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir. Azərbaycan Türk dünyası birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələr prioritet istiqamət kimi müəyyən olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TÜRKPA nümayəndə heyəti ilə görüşdə deyib: “Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir”. Qeyd etməliyik ki, hələ bir neçə il əvvəl Prezident İlham Əliyev türk dünyası ilə bağlı yeni baxış ortaya qoyub və qeyd edib ki, türk dünyası yalnız türk dövlətlərindən ibarət deyil, türk dövlətlərindən kənarda yaşayan türk mənşəli insanların hüquqları, təhlükəsizliyi qorunmalıdır. Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək. Prezident Türk dünyası ilə siyasətində ardıcıl mövqe sərgilədiyini TÜRKPA nümayəndələri ilə görüşdə bir daha bəyan etdi.
Cənab İlham Əliyevin təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. “Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir”. Əminliklə söyləmək olar ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir.