YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin tarixində yeni səhifə

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Dünyanın enerji sektoru nümayəndələrini ölkəmizdə bir araya gətirən Bakı Enerji Həftəsi öz işini uğurla başa çatdırdı. Lakin üç mühüm tədbiri özündə birləşdirən Enerji Həftəsi çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlər bu gün də mətbuatda geniş yer almaqdadır. Qeyd edək ki, Enerji Həftəsi öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün  beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər,  layihələr və təşkil olunan konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir. 

Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında diqqəti “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlara, ilk Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin iqtisadi imkanlarımızın təqdimatında roluna və hazırkı dövrdə bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması istiqamətində atılan addımlara yönəltdi.

Ümummilli Lider Heydər Əliyev  “Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmiz üçün əhəmiyyətini belə xarakterizə etmişdir: “Əsrin müqaviləsi”  ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Ümummilli Lider Heydər Əliyevin  “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. “Əsrin müqaviləsi”  Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır. Bu saziş Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı. “Əsrin müqaviləsi”nin  Azərbaycana qazandırdığı uğurları ümumiləşdirərkən söylənilən fikir bugünkü reallıqlarımızdır. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi və möhkəmləndirilməsi dünyaya səs salan tarixi Zəfərimizdə də öz sözünü dedi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın neft-qaz sənayesində yeni bir mərhələnin əsası qoyuldu.   Bu gün  Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan hər bir sahədə böyük uğurlara  nail olmaqla dünya birliyində layiqli yer tutub. Neft gəlirlərinin idarə edilməsində şəffaflığın təmin olunması beynəlxalq səviyyədə təqdir edilir. Dahi şəxsiyyətin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilir. Fondun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr Azərbaycanın hərtərəfli inkişafını təmin edir. “Əsrin müqaviləsi” Azərbaycanın dünəninə baxış fonunda gələcəyimizin  təqdimatıdır.  Ümummilli Lider, həmçinin bildirmişdir ki, biz Azərbaycanda neft strategiyasını hazırlayıb həyata keçirməyə başlayarkən qarşımıza əsas bir böyük məqsəd və vəzifə qoymuşuq: Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz yataqlarının xarici şirkətlərlə, onların investisiyalarının cəlb olunması vasitəsilə müştərək işlənilməsini təşkil etmək, bunun nəticəsində zəngin yataqlarımızda neft və qaz hasilatını təmin etmək və təbiidir ki, bunların hamısını Azərbaycanın milli mənafelərinin təmin olunmasına yönəltmək. Yəni bütün bu strategiya yalnız və yalnız Azərbaycanın milli mənafeləri üçün həm işlənib hazırlanıb, həm də həyata keçirilir.

Neft strategiyasının əsas tərkib hissələri olan  Bakı-Tbilisi-Ceyhan neft  və  Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. Bu mühüm məqam da daim önə çəkilir ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri təkcə iqtisadi xarakter daşımır. O, eyni zamanda, Qafqazda, xüsusən Cənubi Qafqazda, Türkiyədə təhlükəsizliyi və sabitliyi təmin etmək üçün əsas vasitələrdən biridir.

Azərbaycanın yeni neft strategiyası, onun qarşıya qoyduğu məsələlər, Azərbaycanın iqtisadiyyatı və bunun gələcəyi, demokratik, hüquqi, dünyəvi dövlət kimi ilbəil inkişaf etməsi, bazar iqtisadiyyatı ilə irəliləməsi, bütün  bunlar  əsas prinsiplərimizdir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini təsdiqləyir. Ölkəmizin reallaşdırdığı enerji layihələri dövlətləri, xalqları bir araya gətirir, onlar arasında  körpü rolunu oynayır. Bu gün Azərbaycana hansı tərəfdən baxsaq Ümummilli Liderin  müəllifi olduğu neft strategiyasının uğurlarını görərik.

Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin açılışındakı çıxışında uğurlarımızın təhlili əsasında  belə bir ümumiləşdirməni apardı ki, 1993-cü il dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı, oktyabr ayında Prezident seçilməsi ölkəmizin tarixində yeni səhifə açdı: “Söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və əlbəttə ki, iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri. Bu tədbir, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Artıq qeyd edildiyi kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik.”

DİGƏR Xəbərlər Arxiv