Xəbərlər
Azərbaycanın enerji siyasəti
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. İyunun 4-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi də bunu deməyə əsas verir. Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan mürəkkəb geosiyasi şəraitdə həlli vacib olan məsələlərdə məsuliyyətli qlobal aktordur. Bəli, hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və yaşıl enerji. Prezident İlham Əliyev xüsusilə Xəzərin enerji resurslarının tədarükünün şaxələndirilməsi məsələsində Azərbaycanın əldə edə bildiyi nəticələr kontekstində konfransın əhəmiyyətini vurğuladı. Bu gün Azərbaycanın qaz ixracının artdığını qeyd edən dövlətimizin başçısı bildirdi ki, ölkəmizin ixracı 24 milyard kubmetrdən artıq olacaq. Hər keçən gün dünyanın müxtəlif yerlərində insanların qaza tələbatı artır.Yeni qaz yataqları isə heç də hər gün kəşf olunmur. Həmçinin köhnə yataqlar, ehtiyatları hasil olunduqca gücdən düşür. Bax belə bir zamanda Azərbaycan qazı daha mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü 20 milyard kubmetrə çatdırmaq öhdəliyi Avropa ölkələri tərəfindən yüksək qiymətləndirilir.
Həmçinin ölkəmizdə "yaşıl enerji" ilə bağlı aparılan işlər gündən-günə daha da inkişaf edir. İşğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpaolunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının yaradılması əsas məqsəd kimi nəzərdə tutulub. Artıq bir sıra bölgələrdə bununla əlaqədar işlər yekunlaşmışdır.Ölkəmizin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək dövrdə bərpaolunan enerji mənbələrindən istifadəyə, "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılması nəzərdə tutulur.
Ümumiyyətlə, dünya maliyyə-iqtisadi böhranı Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir. Azərbaycanın neftlə yanaşı böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının daha böyük həcmdə dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır. Bütün bunlar isə ilk növbədə Azərbaycan Respublikasının milli maraqlarının qlobal siyasətdə müdafiəsinə mühüm imkanlar yaradır.