YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühüm beynəlxalq tədbir

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri 

Azərbaycanın beynəlxalq toplantılara, forumlara, konfranslara, idman yarışlarına yüksək səviyyəli ev sahibliyi dünya tərəfindən hər zaman təqdir edilir. 04.06.2024 –cü il tarixdə öz işinə başlayan Bakı Enerji Həftəsi cənab İlham Əliyevin sayəsində mühüm beynəlxalq tədbirə çevrilib.

İyunun 6-da tamamlanacaq Bakı Enerji Həftəsi üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumudur. "Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, forum isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil edilib. Keçirilməsi ənənəyə çevrilmiş Bakı Enerji Həftəsi dünyanın enerji sənayesi sahəsinin liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Prezident İlham Əliyevin hər il "həftə"nin açılış mərasimində iştirak etməsi bu tədbirin yüksək statusunu bir daha təsdiqləyir.

Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Burada Azərbaycanla yanaşı, Böyük Britaniya, Almaniya, ABŞ, Çin,Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, BƏƏ, Bolqarıstan, Çexiya, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Qazaxıstan, Latviya, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirakçıdır. Bunların arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər tədbirə ilk dəfə qatılır. Daha bir neçə maraqlı fakt ondan ibarətdir ki, builki sərginin iştirakçılarının ümumi sayının 15 faizini yeni şirkətlər təşkil edir. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.
Ötən illər ərzində ölkəmizlə, neft sənayemizlə birgə inkişaf edərək genişlənən, şaxələnən, yeni sahə və mövzularla əhatə olunan Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi bu dəfə həm də bir neçə əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, bu il ölkəmizin neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasının 30 ili tamam olacaq. Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin təsis edilməsindən də 30 il ötür. Daha bir önəmli fakt odur ki, budəfəki sərgilər və forum Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"nin yaşandığı dövrdə keçirilir. Nəhayət, bu il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək. Təbii ki, bu əlamətdar hadisələrin hər biri Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapacaq. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulmasına, təcrübə mübadiləsinə və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək göstərir. Builki sərgidə də Xəzər regionunun əsas neft-qaz layihələri və regionun enerji təhlükəsizliyi məsələri müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir
"Caspian Power" sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və "yaşıl enerji" mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yenilikləri və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə günəş və külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş etdiriləcək.

Bakı Enerji Forumunda da Azərbaycan və Xəzər regionu üçün vacib enerji məsələləri gündəmdə olacaq. 600-dən çox nümayəndənin qatılacağı bu tədbirdə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq", "Enerji təhlükəsizliyi 2.0", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı", "Yeni texnologiyalar və rəqəmsallaşdırma", "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" kimi mövzular müzakirə ediləcək.COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına "Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları" adlı xüsusi sessiya da əlavə olunub.

Ulu Öndər Heydər Əliyev 30 il əvvəl keçirilən ilk sərgidə qətiyyətlə nəzərdə tutulan böyük işlərin uğurlar gətirəcəyini bildirirmişdir: "Bu tarixdən böyük fəxrlə danışmaqla, Azərbaycan neftçilərinin bir çox nəsillərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, bu gün eyni zamanda qeyd edirəm ki, indi ölkəmizin neft sənayesinin inkişafında yeni mərhələ açılır. Bu mərhələ Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində Qərbin iri neft şirkətlərinin fəal iştirakı ilə bağlıdır. Əmin edirəm ki, Azərbaycan neftçiləri sizin layiqli tərəfdaşınız olacaq. Ümidvaram ki, Azərbaycana gələn Qərbin neft şirkətləri ölkəmizin neft və qaz sənayesinin bütün tarixi ərzində əldə olunmuş nailiyyətləri həmişə yüksək qiymətləndirəcəklər". Artıq  Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi şöhrət tapıb və bu sahədə davamlı olaraq əlaqələrini genişləndirir, mötəbər tədbirlərə ev sahibliyi edir. Bunun bir təsdiqi Bakı Enerji Həftəsidir.