Xəbərlər
“Yurda dönüş və müasir qloballaşan dünya”

Nərimanov rayonunda “Yurda dönüş və müasir qloballaşan dünya” mövzusunda tədbir keçirilib.
Tədbir YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun “Qara duman” və “İnfoimperializm və media” kitabları əsasında 39 saylı tam orta məktəbdə baş tutub.
Əvvəlcə məktəbin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru, Milli Qəhrəman Şahlar Şükürovun bacısı Tahirə Şükürova Milli Məclisin deputatı Hikmət Babaoğlunun yaradıcılıq yolu, mükafatları, elmi əsərləri, dərslik və metodik vəsaitləri haqqında geniş məlumat verib.
YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu çıxış edərək mövzu ilə bağlı Prezident İlham Əliyev tərəfindən beynəlxalq səviyyədə görülən işlərin səciyyəvi xarakterini analiz edərək, öz dədə-baba torpaqlarımıza dönüşlə nəticələnən müasir Azərbaycan siyasətinin unikallığı haqqında nitq söyləyib.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Şahbaz Balakişiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Baba Vəziroğlu və digər çıxış edənlər müasir və qloballaşan dünyada ölkəmiz və dövlətimizin sahib olduğu ciddi qalibiyyət zirvəsindən danışıb, bu zirvədə Azərbaycan adının məhz ölkə rəhbəri İlham Əliyevin nümunəvi siyasətinin nəticəsi olaraq yer almasını vurğulayıblar.
Tədbirin sonunda əməkdar incəsənət xadimi Baba Vəziroğlunun “Cənab Ali Baş Komandan” şeiri əsasında şagirdlər bədii kompozisiya təqdim ediblər.