Xəbərlər
Azərbaycan yeni platformaların formalaşmasına öz töhfəsini verir

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibə zamanı bir sıra vacib məqamlara toxunmuşdur. İlk növbədə onu qeyd etmək lazımdır ki, “Euronews” telekanalına verilən müsahibə Prezidentin davamlı olaraq dünya mediasına verdiyi uğurlu açıqlamaların davamıdır. Cənab Prezidentin 44 günlük Vətən müharibəsi zamanı verdiyi müsahibələrdə hərb, diplomatiya və informasiya sahəsində uğurlu siyasət həyata keçirdiyinin şahidi olduq. Belə ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı xarici mediaya 30-dan çox müsahibə verməsi və müharibənin gedişatı haqqında ətraflı məlumatlandırması dünya ictimaiyyətinin düzgün məlumat əldə etməsində mühüm rol oynadı. Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində Qarabağ problemi kökündən həll olundu. Hazırda Azərbaycanı dünyanın ən sabit ölkələrindən biridir. Bunun nəticəsidir ki, Azərbaycan daha böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırlaşır və onlardan biri də yaxın gələcəkdə baş tutması nəzərdə tutulan COP29-dur.
Ölkə başçısı İlham Əliyev “Euronews” telekanalına müsahibəsi zamanı qarşıda bizi gözləyən tədbir barədə suallara aydınlıq gətirərək təminatlı təhlükəsizlik barəsində danışıb və COP29 zamanı ölkəmizdə bütün tərəflərin özlərini rahat hiss etməkləri üçün yüksək bir mühit yaradılacağını diqqətə çatdırıb. Cənab İlham Əliyev bildirmişdir ki, “Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz. Biz məhz buna nail olmağa çalışırıq”. Prezident müsahibədə konfransda verdiyi mesajı xüsusi vurğulayır və deyir: “Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir”. Hər zaman sülhün tərəfdarı olan Azərbaycan digər dövlətlərlə əməkdaşlıqda balanslı siyasət aparır. Bunun da nəticəsidir ki, ölkəmizə qarşı məkrli addımlar nəticəsiz qalır və çirkin niyyətlərinə çatmaq istəyənlərin arzuları gözlərində qalır. Elə bunun nəticəsidir ki, Ermənistan artıq özü də sülh üçün vasitəçisiz hərəkət etməyin lazım olduğunu qəbul edib. Ermənistan başa düşüb ki, onların gələcəyi, inkişafı Azərbaycan və Türkiyə ilə olan münasibətlərindən asılıdır. Müsahibədə vurğulanıb ki, “əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir”. Bu o deməkdir ki, Azərbaycan yalnız tədbirləri keçirməklə kifayətlənmir, həmin tədbirlər çərçivəsində yeni platformaların formalaşmasına da öz töhfəsni verir.