Xəbərlər
İkitərəfli münasibətlərdə mühüm hadisə

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da dərinləşərək inkişaf edir. Bunun məntiqi davamı olaraq may ayının 23- də Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq və əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək. Son illərdə Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinin prezidentlərinin ölkəmizə ardıcıl səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.
Azərbaycan ilə Tacikistan arasında mədəni sahədə əməkdaşlıq perspektivləri olduqca genişdir. İki ölkə arasında mədəni-ədəbi əlaqələrin qədim tarixi var. Dərin tarixi köklərə söykənən Azərbaycan - Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb. Əsrlər boyu Azərbaycanla Tacikistan arasında tarixi-mədəni və mənəvi bağlara əsaslanan güclü əlaqələr mövcud olub. Bu bağlar mədəni mübadilə və birgə təşəbbüslər üçün maraqlı perspektivlər yaratmağa davam edir. İkitərəfli əməkdaşlığın inkişafında dövlətlərimizin başçıları - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında dostluq münasibətləri xüsusi rol oynayır. Hazırda dövlət başçılarımız arasında olan dostluq münasibətləri, yüksək səviyyəli qarşılıqlı səfərlər mədəni əməkdaşlığın da genişlənməsini təmin edib.
Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə mətbuata bəyanatında qeyd etdiyi kimi Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir. “Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir”, - deyə dövlətimizin başçısı bildirib.
Bu gün Azərbaycan istər türk dövlətləri, istərsə də Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oynayır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmağa, Azərbaycan ilə Mərkəzi Asiya regionu arasında əməkdaşlığı möhkəmləndirməyə xidmət edəcək. Bu istiqamətdə Azərbaycan və Tacikistan arasında artan etimad əlaqələrin inkişaf etməsinə, mövcud tərəfdaşlıq imkanlarının gələcəkdə daha da güclənməsinə zəmin yaradacaq.