YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixinin qürur və şanlı səhifəsi

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur. 106 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi.
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Lakin müstəqil Azərbaycanın taleyinə uzunömürlülük yazılmayıbmış. 23 ay yaşayan ilk cümhuriyyətimizin doğuluşu tarixin dolaşıq vaxtına düşmüşdü. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi.
Lakin ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarix, bu illər ərzində xalqın həyatının bütün sahələrində baş verən dirçəliş müasir müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Ölkə daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlanan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən ulu öndər Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü- Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Ümummilli Lider Heydər Əliyevin bu siyasətini cənab Prezident İlham Əliyev uğurla davam etdirən Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
Beləliklə, həmin qanun təsdiq ediləndən sonra 28 May- Respublika Günü Azərbaycan da Müstəqillik Günü kimi qeyd edilir. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldıldı.
Artıq Aərbaycan xalqı artıq üçüncü ildir ki, 28 May- Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu əziz bayram erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur. Üçrəngli bayraq doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda qürurla dalğalanır. Ötən il müzəffər Ali Baş Komandan İlham Əliyev ənənəsinə sadiq qalaraq mayın 27-də - Müstəqillik Günü ərəfəsində Zəngilana səfər etdi. Rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı oldu. Bununla da “Böyük Qayıdış” adlanan prosesə start verildi. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də məhz siyasi-iqtisadi müstəqilliyin nəticəsi, dövlətin gücünün göstəricisidir.
Beləliklə, bu gün Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.