Xəbərlər
Arzular reallığa çevrildi
Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri
Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır. Qədim dövlətçilik tarixinə, mədəniyyətinə və ənənəsinə malik olan Azərbaycan təbii sərvətləri və strateji-coğrafi mövqeyinə görə, zaman-zaman güclərin diqqət mərkəzində olmuş və bu baxımdan, müxtəlif təzyiqlərə məruz qalmışdır. Belə bir gərgin ictimai-siyasi dövrünü yaşayan Azərbaycan xalqının müstəqillik arzusu və mübarizəsi isə, heç vaxt tükənməmişdir.
XX əsrin əvvəllərində, müstəqil dövlət qurmaq fürsəti yaranan kimi, azərbaycanlılar mövcud şəraitdən dərhal yararlanaraq, Azərbaycan Xalq Cümhuriyyətini elan etmişdir. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. AXC yarandığı gündən xarici və daxili qüvvələr tərəfindən müxtəlif təzyiqlərə də məruz qalmışdır. Belə ki, həm xaricdən, həm də daxildən daşnak ermənilər, həmçinin, menşevik qüvvələr Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına mane olurdular. Lakin bütün bu çətinliklərə baxmayaraq, Cümhuriyyət dövründə milli ordumuzun yaradılması, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təmini istiqamətində böyük işlər görülmüşdür. Hələ o dövrdə söz azadlığı, demokratiya, gender bərabərliyi kimi məxsusi dəyərlərə malik olmuşdur. Bu dövrdə AXC müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərmiş, onlar üçün nümunə olaraq, Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ vermişdir.
Xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarix üçün bu çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. Xalq özünün istiqlal arzularını nəsildən-nəslə ötürdü. 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etdi, həm iqtisadi, həm də sosial sahədə böyük uğurlar qazandı. Görkəmli dövlət xadiminin rəhbərliyi altında həyata keçirilmiş tədbirlər ölkəmizin müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratdı. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi.
Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. AXC tərəfindən əsası qoyulmuş ideyalar XX əsrin 90-cı illərində məhz ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində reallığa çevrilməyə başladı. Xüsusilə qeyd etmək lazımdır ki, Cümhuriyyətə ən yüksək qiymət ötən əsrin 70-ci illərində bu dövlətin tarixini dərindən öyrənmiş ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndərimiz dəfələrlə bildirirdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Xatırladaq ki, 1998-ci ildə AXC-nin 80 illiyinin təntənəli şəkildə qeyd edilməsi barədə sərəncam imzalamış ulu öndər, bununla cümhuriyyət məfkurəsinin və tarixinin araşdırılması üçün ciddi hüquqi baza yaratmışdı. Həmin sərəncamdan irəli gələn vəzifələri icra edən Azərbaycan tarixçiləri qısa müddətdə AXC-nin zəngin irsinin öyrənilməsi istiqamətində böyük işlər gördülər. İlk dəfə AXC-nin daxili və xarici siyasəti ilə bağlı sanballı monoqrafiyalar və sənəd topluları hazırlandı. Müxtəlif ölkələrin arxivlərində saxlanılan və bilavasitə Cümhuriyyət tarixinin müxtəlif məsələlərinə həsr olunmuş sənədlər də Azərbaycana gətirilərək, elmi dövriyyəyə cəlb edildi. Xüsusilə qeyd etmək lazımdır ki, bu sənədlər təkcə AXC-nin fəaliyyət dövrünü deyil, müstəqilliyə gedən yolda Azərbaycan milli hərəkatının keçdiyi çətin, lakin şərəfli yolu özündə ehtiva edirdi.
Ötən dövrdə Azərbaycan beynəlxalq hüququn subyekti kimi sübut etmişdir ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. Prezident İlham Əliyev də öz nitqində müstəqil Azərbaycanın 1918-ci ildə yaranmış AXC-nin varisi olduğunu da xatırlatmışdır. Ölkə başçısı bu sözləri ilə bir daha təsdiqləmişdir ki, Azərbaycan bir ölkə kimi demokratik dəyərlərə hələ 100 il əvvəl bağlı olmuşdur. Azərbaycan öz xələfi olan AXC-nin dəyərlərini qoruyur və inkişaf etdirməyə çalışır. Heç əbəs yerə deyil ki, 2018-ci il ölkəmizdə məhz “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan olunmuşdur. Ölkə başçısı müstəqil Azərbaycanın hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olduğunu da diqqətə çatdırıb: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”.