YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda “Azərbaycanım” mövzusunda VII Uşaq və Gənc Rəsm Festivalı keçirilib

Mayın 24-də Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin dəstəyi, Rəssamlar İttifaqının, Dövlət Rəsm Qalereyasının, Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanım” Beynəlxalq VII Uşaq  və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin qaliblərinin mükafatlandırılması keçirilib.

28 May- Müstəqillik Gününə həsr olunmuş festival çərçivəsində təşkil olunan müsabiqənin sərgiləri mayın 13-dən 17-dək növbəli şəkildə Xətai Sənət Mərkəzində açılıb. Mövzusu güllər olan müsabiqəyə 2500-ə yaxın 8-21 yaşarası Azərbaycan gəncləri ilə yanaşı, Türkiyə, İran, Peru, Litva, Gürcüstan, Yaponiya, Vyetnam, Hindistan vətəndaşları da qatılıb. Bu sərgilərdə 800-ə yaxın əsər nümayiş olunub. Hər yaş qrupu üzrə 10 əsərin müəllifi festivala dəvət alıb.

Xətai Rayon İcra Hakimiyyətinin qarşısında keçirilən tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə  iş şöbəsinin müdiri Anar Tağızadə müstəqillik tariximizin Zəfər səhifələrindən geniş bəhs etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini, sarsılmazlığını təmin etdi.  Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi. Azərbaycanın müstəqillik tarixinin 106 illiyinin ayrı-ayrı mərhələlərinə diqqət yetirsək xalqımızın qəhrəmanlığını, yenilməzliyini  təsdiqləyən hadisələrin şahidi olarıq. Dünyada Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana baxış yüksək səviyyədədir. Dünyaya Günəş kimi doğan Azərbaycan bu gün tarixi Zəfərinin reallıqları ilə diqqətdədir.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirdi ki, Azərbaycanın zəngin dövlətçilik tarixi vardır.  Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Günümüzün əsas çağırışlarından biri  müasir müstəqil, qalib Azərbaycanın bu günü üçün kimə borclu olduğumuzu indiki və gələcək nəsillərə çatdırmaqdır. Müstəqillik tariximizi səhifələdikcə  Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü, eyni zamanda, fəaliyyətinin Naxçıvan  mərhələsi xüsusi qeyd edilir. Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyev  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Dahi şəxsiyyət Heydər Əliyev qayıdışı ilə yeni Azərbaycan qurdu, onun müstəqilliyini daimi və sarsılmaz etdi. 1993-cü ildən başlanan müstəqillik yolu Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Məhz yaradılan möhkəm təməl üzərində Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir, Zəfərdən Zəfərə addımlayır. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu. Müstəqilliyimizi, suverenliyimizi daimi etmək üçün bütün dünya azərbaycanlıları vahid ideya - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdi. 

Azərbaycan Rəsamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəsm festivallarının əhəmiyyətindən geniş bəhs etdi. Bildirdi ki, bu festivallarda, uşaqlar,  gənclər öz yaradıcılıq imkanlarını nümayiş etdirir, eyni zamanda, ərsəyə gətirdikləri rəsmlərlə əhatə etdikləri mövzular üzrə təbliğat işinə öz dəstəklərini verirlər. Bugünkü festivalın mövzusu özündə bütün məqamları ehtiva edir. Hər birimizin qürur mənbəyi olan qüdrətli Azərbaycanı rəsmlərdə təsvir etmək,  mövcud reallıqları rənglərin dili ilə ictimaiyyətə çatdırmaq böyük məsuliyyət və fəxrdir.

Tədbirin təşkilatçılarından olan Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına xüsusi diqqət göstərildiyini bildirdi. Qeyd etdi ki, uşaqların və gənclərin rəssamlığa xüsusi önəm vermələri bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan xalqı yaradıcı xalqdır, həqiqətlərimizi rənglərin vasitəsilə də dünyaya çatdırmağa xüsusi maraq göstərir.

Tədbir musiqi nömrələri, iştirakçıların rulon akvarel kağız üzərində sulu boya ilə gül şəkli çəkmələri ilə davam edib. Müsabiqə iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom, yerlərə görə hədiyyələrlə mükafatlandırılıblar.