Xəbərlər
Yasamal rayonunda voleybol turniri təşkil olunub
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol turniri təşkil olunub.
İki gün davam edən turnir 2 nömrəli Bakı Baza Tibb Kollecində keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimində çıxış edən 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd ediblər ki, Azərbaycanda müasir idman siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji kursa əsaslanır. Bildirilib ki, bu siyasət nəticəsində idman sahəsi dövlətin prioritet istiqamətlərindən birinə çevrilib, gənclərin fiziki və mənəvi inkişafı üçün əlverişli şərait yaradılıb.
Çıxışlarda vurğulanıb ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkədə müasir idman infrastrukturu qurulur, beynəlxalq standartlara cavab verən idman kompleksləri istifadəyə verilir və idmançılar üçün geniş imkanlar yaradılır. Eyni zamanda qeyd olunub ki, belə yarışların təşkili gənclər arasında idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği və onların zərərli vərdişlərdən uzaqlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Turnir yüksək rəqabət şəraitində keçib. Yarışın sonunda qalib komandalar diplom və medallarla təltif olunub.
