Xəbərlər
“Zərifə Əliyeva: elm və humanizm nümunəsi”
Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının və Qusar rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə “Zərifə Əliyeva: elm və humanizm nümunəsi” mövzusunda tədbir keçirilib.
Qusar Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş stend önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov bildirib ki, akademik Zərifə Əliyeva XX əsr Azərbaycan tibb elminin ən görkəmli nümayəndələrindən biri olub, oftalmologiya sahəsində mühüm elmi nailiyyətlərə imza ataraq bu sahənin inkişafında yeni mərhələnin əsasını qoyub. Qeyd olunub ki, onun elmi irsi və humanist fəaliyyəti bu gün də tibb işçiləri üçün nümunədir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edərək onun yalnız görkəmli alim deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətlərə malik ziyalı, qayğıkeş ana və sədaqətli ömür-gün yoldaşı olduğunu vurğulayıb. Bildirilib ki, Zərifə Əliyeva bütün həyatını insanların sağlamlığına həsr edib və minlərlə insana işıq bəxş edib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov çıxışında qeyd edib ki, insanlara şəfa vermək ən ali peşələrdən biridir və akademik Zərifə Əliyeva bu peşənin ən layiqli təmsilçilərindən olub. O, həm görkəmli həkim, həm də pedaqoq kimi gənc tibb mütəxəssislərinin yetişməsində böyük rol oynayıb.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxışında Zərifə Əliyevanın elmi və ictimai fəaliyyətinə toxunaraq bildirib ki, o, yalnız elmi fəaliyyətlə kifayətlənməyib, mütəmadi olaraq regionlara səfərlər edərək əhaliyə tibbi yardım göstərib, xüsusilə traxoma xəstəliyinə qarşı apardığı mübarizə ilə yadda qalıb. Vurğulanıb ki, onun bu fəaliyyəti yüksək humanizm və vətəndaşlıq nümunəsidir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulmuş bir qrup səhiyyə işçisinə üzvlük vəsiqələri təqdim edilib.
