YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yaşıl enerji" sahəsində yeni perspektivlər vəd edən layihələr

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının istismara verilməsi tarixi hadisədir. Azərbaycanın və İran İslam Respublikasının rəhbərlərinin uzaqgörən siyasəti, dəqiq hesablanmış strateji yanaşmalarının nəticəsində biz Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsini nəzərdə tutan hidroqovşaqların istismara verilməsinin şahidlik etdi.

Bölgənin iqtisadi inkişafına, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yaxşılaşmasına təkan vermək məqsədi ilə inşa edilən bu ortaq layihənin – “Xudafərin” bəndinin yardımçı körpüsünün tikintisinin 1993-cü ilin fevral ayında Azərbaycan və İran rəsmilərinin iştirakı ilə” açılış mərasimi keçirilib. Eyni zamanda Azərbaycan tərəf “Qız Qalası” layihəsi üçün də yardımçı körpünün tikintisinə başlayıb. Lakin torpaqlarımız Ermənistan tərəfindən işğal olunduğu üçün Azərbaycan şirkətləri bəndlərin tikintisində fəaliyyətlərini dayandırıb. Bundan sonra körpünün tikintisi İran tərəfindən başa çatdırılıb. Ulu Öndər Heydər Əliyev hakimiyyətə döndükdən sonra “Xudafərin” mövsuzu yenidən gündəliyə gətirilib. 1994-cü ilin 28 iyun – 2 iyul tarixlərində dahi şəxsiyyət Heydər Əliyevin İrana 5 günlük ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsi haqqında memorandum imzalanıb.

Azərbaycanın haqq savaşında düşmən tapdağı altında qalan torpaqlar kimi, hidroqovşaqların tikildiyi ərazi də işğaldan azad edildi. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su-elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə sərəncama əsasən, 2021-ci ildə “Azərenerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edildi.

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi tamamlanıb, anbarların doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. Ümumilikdə su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan su-elektrik stansiyaları paritet əsasda Azərbaycan və İran dövlətinin maraqlarına xidmət edəcək.

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti və İran İslam Respublikasının Prezidentinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, bugünkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək.

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının istismara verilməsi regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək. Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı isə ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. Bu layihələr eyni zamanda “yaşıl enerji” sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir.