Xəbərlər
Rusiya ilə Azərbaycan arasında qarşılıqlı etimadın bariz nümunəsi
Əli Hüseynli
Milli Məclisin deputatı
Bu gün Azərbaycan ictimaiyyəti əhəmiyyətli tarixi hadisənin — Rusiya sülhməramlılarının Qarabağdan təntənəli yola salınmasına şahidlik edir. İki ölkə liderləri arasında əldə edilmiş razılaşmaların nəticəsi olan bu addım Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələdir. Xarici hərbçilərin Azərbaycan ərazisindən çıxması ölkənin suverenliyinin və müstəqilliyinin möhkəmlənməsi baxımından mühüm hadisə olaraq dinc və sabit gələcəyə yol açılan yolun yeni bir göstəricisidir.
Etiraf edək ki, əslində Rusiya sülhməramlılarının Qarabağ regionundakı fəaliyyətinə cəmiyyətimin reaksiyası heç də birmənalı olmayıb. Belə ki, onların bəzi davranışları ölkə ictimaiyyətinin qınağına tuş gəlirdi. Hətta bu belə faktlarla bağlı Prezident İlham Əliyev də bir neçə dəfə tənqidi fikirlər səsləndirmişdi. Lakin danmaq olmaz ki, Rusiya Sülhməramlı Kontingenti (RSK) 10 noyabr 2020-ci il üçtərəfli Moskva Bəyanatının müddəaları əsasında onların üzərinə qoyulmuş missiyanı bütövlükdə yerinə yetirmiş və nəticə etibarı ilə ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin sabitləşməsinə mühüm töhfələr vermişdir.
Ümumiyyətlə, regional təhlükəsizlik məsələsinə gəldikdə, bu istiqamət hər iki ölkənin liderləri tərəfindən daim müzakirə mövzusudur. Bu kontekstdə Prezident İlham Əliyevin aprelin 22-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə söylədiyi sözləri qeyd etmək istərdim: "Rusiya Qafqazda regional təhlükəsizlik və daha geniş coğrafiyada əsas ölkədir. Çox şey ölkələrimiz arasındakı hərəkətlərdən, qarşılıqlı əlaqələrdən asılıdır. Biz etimad, əməkdaşlıq, qarşılıqlı anlaşma tədbirlərinin gücləndirilməsinə və bütün məsələlərin qarşılıqlı və qarşılıqlı maraq ruhunda həllinə yönəlmişik". Göründüyü kimi, dövlət başçıları arasında formalaşmış inam və etimad Bakı ilə Moskva arasında güclü və qarşılıqlı faydalı münasibətlərin açarı rolunu oynayır.
Bu baxımdan heç bir fəsad yaranmadan Rusiya sülhməramlılarının ölkəmizin ərazisini tərk etməsi də regionun inkişafında mühüm mərhələnin başlanğıcı kimi Bakı ilə Moskva arasındakı münasibətlərin bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulduğunun bariz sübutudur. Bu addım həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün əlverişli şərait yaradır, ümumi maraqlara və suverenliyə hörmətə əsaslanan daha dərin və çoxşaxəli əlaqələrin inkişafı üçün yeni körpü rolunu oynayır, iqtisadi artım, mədəni mübadilə və siyasi dialoq üçün yeni imkanlar və perspektivlər açır.
Ona görə də sülhməramlıların vaxtından xeyli əvvəl Azərbaycanı tərk etməsi barədə qəbul edilmiş qərar ölkələrimiz arasındakı inkişaf edən etimad mühitinə heç bir halda təsir edə bilməz. Xüsusilə, bu ilin aprel ayında ADA Universitetində SOR29-a həsr olunmuş Beynəlxalq Forumunun iştirakçıları ilə görüşdə bu birgə qərarın Rusiya-Azərbaycan əlaqələrini gücləndirdiyini vurğulayan dövlətimizin başçısı da bu barədə mövqeyini açıqlamışdır: "Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsini vaxtından əvvəl tərk edirlər. Bu, Rusiya və Azərbaycan liderlərinin qərarı idi. Bir daha vurğulamaq istəyirəm ki, bu, Azərbaycan və Rusiya arasında məsləhətləşmələr əsasında qəbul edilmiş qərar idi".
RSK-nin Qarabağdan çıxması, eyni zamanda, 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz tarixi Zəfərin sarsılmaz özül üzərində qurulduğunun, daimiliyinin qəbul olunması kimi başa düşülməlidir. Başqa sözlə, bu, sadəcə simvolik bir hərəkət deyil, bölgənin firavan və dinc gələcəyinə doğru istiqamətlənmiş ciddi siyasi gedişdir.
Bu hadisənin vacib bir tərəfi də Rusiya ila Azərbaycan arasında nifaq salmağa çalışan Qərbin sponsorluğu ilə medianın fəal şəkildə yaydığı miflərin iflasıdır. Onlar ictimaiyyəti bilərəkdən yanlış istiqamətə kökləmək məqsədilə iddia edirdilər ki, Rusiya qoşunları Azərbaycanda həmişəlik qalacaq. Bu xüsusda ABŞ-da yaşayan və Azərbaycana qarşı fəal çıxış edən jurnalist Sevinc Osmanqızının Rusiya sülhməramlılarının ölkədən çıxarılacağı təqdirdə "Bravo, Müzəffər Ali Baş Komandan" deyəcəyini vəd edən kinayəli bəyanatını, Azərbaycanın uğurlarını həzm edə bilməyən AXCP sədri Kərimov Əlinin və onun əlaltılarının isterik çıxışlarını xalq istehza ilə xatırlayır.
Beləliklə, Azərbaycan bütün maneələri qətiyyətlə dəf edərək öz Müzəffər Lideri cənab İlham Əliyevin uğurla və dinamik şəkildə apardığı siyasi kurs üzərindən daha böyük vüsətlə inkişaf yolundadır. Ölkəmiz konstruktiv dialoqa və əməkdaşlığa hazır olduğunu nümayiş etdirərək beynəlxalq aləmdə öz mövqeyini gücləndirir. Cənubi Qafqazın dəyişməz lider dövləti olan Azərbaycan öz suverenliyini möhkəmləndirməkdə davam edir, dünyaya təhlükəsizliyi və sabitliyi müstəqil şəkildə təmin etmək bacarığını nümayiş etdirir, beynəlxalq aləmdə konstruktiv dialoqa və qarşılıqlı fayda əsasında üfüqi münasibətlərin tərəfdarı olduğunu göstərir.