Xəbərlər
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış etdi.
- Hörmətli Aleksandr Qriqoryeviç.
Hörmətli qonaqlar.
Əziz dostlar.
Bu gün biz Azərbaycana dövlət səfəri ilə gəlmiş əziz qonağı, böyük dostumuz Aleksandr Qriqoryeviç Lukaşenkonu qəbul edirik. Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı - gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik. Razılığa gəldik ki, yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqlar müfəssəl şəkildə təhlil olunacaq və onların icra müddəti üzrə konkret addımlar, həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslər və strukturlar müəyyən ediləcək.
Mən məktub göndərmişəm, lakin bu gün bir daha Aleksandr Qriqoryeviçi noyabrda Bakıda keçiriləcək iqlim sammitində iştirak etməyə şəxsən dəvət etmişəm. Həmin vaxta qədər müvafiq tapşırıqlar verilib, biz onların yerinə yetirilməsi üzrə məruzələri dinləyəcəyik. Bu gün müzakirə etdiyimiz məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu.
Belarus nümayəndə heyətinin üzvləri artıq dünəndən Bakıdadır və azərbaycanlı həmkarları ilə danışıqlar aparıblar. Bu, bir daha göstərir ki, hər iki tərəf Belarus Prezidentinin dövlət səfərinə məsuliyyətlə yanaşaraq, sonradan dövlət başçılarının təsdiqinə təqdim ediləcək bir çox məsələləri əvvəlcədən müzakirə edib və razılaşdırıblar. Zənnimcə, məhz əməkdaşlığın bu səmərəli forması daha düzgündür və konkret nəticəyə yönəlib. Beləliklə, əminəm ki, gələcəkdə, həm də çox uzaq olmayan gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Mən artıq bu barədə danışmışam, bir daha demək istəyirəm ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir.
Demək olar ki, ərazini sıfırdan bərpa etmək lazım gəlir, müqayisə üçün deyim ki, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahəni. Bütün bunları, sadəcə, daşın daş üstündə qalmadığı ərazidə görüləcək işləri təsəvvür etmək üçün söylədim. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik.
Bu gün, həmçinin konkret tapşırıqlar verilib. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, - bu barədə də danışdıq, - aqroşəhərciklərin tikintisi təcrübəsi var. Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.
Biz bu gün, həmçinin regionumuzda MDB məkanında təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə Cənubi Qafqaz regionunda postmünaqişə şəraiti haqqında məlumat verdim. Təbii ki, dünya siyasətinin aktual məsələləri üzrə də fikir mübadiləsi apardıq. Dünyada vəziyyət sürətlə və bir qayda olaraq, mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq, mövcud münaqişələr öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna olmaqla.
Əlbəttə ki, diskussiyalar üçün mövzu olduqca çoxdur. Biz Aleksandr Qriqoryeviçlə artıq son 20 ildə fəal işləyirik. Bu illər ərzində müxtəlif şəraitlərdə həmişə dəyərlərimizə - xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyimizi qoruyub saxlamışıq. Düşünürəm ki, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər təbii olaraq bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər. Zənnimcə, bu gün bu münasibətlərin dostluq xarakteri daşıması əyani şəkildə nümayiş etdirilir.
Aleksandr Qriqoryeviç, bir daha minnətdarlıq hissi ilə demək istəyirəm ki, Sizin səfərinizi dostluq və hörmət əlaməti kimi qəbul edirəm. Ötən illərdə biz bir neçə qarşılıqlı – rəsmi və işgüzar səfərlər etmişik. Amma dövlət səfəri həm forma, həm də məzmun etibarilə həmişə fərqlidir. Sizi salamlamağıma şadam. Sizə və dost, qardaş Belarus xalqına yeni uğurlar və qələbələr arzulayıram. Sağ olun.
x x x
Sonra Belarus Prezidenti Aleksandr Lukaşenko bəyanatla çıxış etdi.
- İlham Heydər oğlu, Belarus xalqının və mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə çox sağ olun. Biz bunu qiymətləndiririk.
Geniş tərkibdə danışıqlarımızın əvvəlində söylədim ki, Azərbaycan son illər böyük nailiyyətlər əldə edib. Hər şeydən əvvəl özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib. İlham Heydər oğlu deyir ki, bu torpaqları dirçəltmək, hansısa yeniliklər etmək lazımdır. Amma orada vəziyyət hələ pisdir, dirçəlişdən əvvəl bir çox şeyləri təmizləmək lazımdır. Bu, az iş deyil. Çünki bu, keçmişin ağır fəsadlarıdır, amma torpaqlar qaytarılıb və onları dirçəltmək lazımdır. Bu, Azərbaycanın həll edəcəyi daha uzunmüddətli ağır problem və vəzifədir.
Mən hələ müharibədən əvvəl İlham Heydər oğlu ilə bu problemi müzakirə etdiyimiz vaxtları xatırlatdım. Həmin vaxt o mənə deyirdi ki, qarşıda insanları qaytarmağın lazım olacağı çox ağır dövr durur. Siz çox düzgün kurs götürmüsünüz. İnsanları qaytarmaq azdır, onları yaxşı, rahat evlərdə yerləşdirmək lazımdır, çünki bir çoxları artıq şəhərlərdə anadan olublar. Amma bu da azdır. Yeni iş yerləri yaratmaq lazımdır. Mən ilk dəfə belə bir həcm barədə eşitdim ki, bu, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahədir. İlham Heydər oğlu, bu torpaqları dirçəltmək üçün hələ uşaqlar da çox iş görməli olacaqlar.
Mən bunu ona görə söylədim ki, biz sizə qardaş və çox dost ölkəyik, təkcə İlham Heydər oğlu ilə köhnə dostlar deyilik, bizim Heydər Əliyev ilə də yaxşı münasibətlərimiz var idi. Uzun müddət olmasa da, onunla çox səmimi şəkildə çalışırdıq. Mən hələ sovet dövründə bu insana böyük hörmət bəsləyirdim. İlham Heydər oğluna tez-tez deyirəm ki, təbiət nadir hallarda övlada atanın istedadını bəxş edir. Siz çox işlər görmüsünüz. Bu gün ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız. Sizin təbiətiniz cənnətdir. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Azərbaycan Prezidentinin əvvəldə söylədiyi sözlərə diqqət yetirmənizi xahiş edirəm. Bizim irəlilədiyimiz və təxminən 400 milyon dollar əmtəə dövriyyəsinə çatdırdığımız bir yol xəritəmiz var. Razılığa gəlmişik ki, bu yol xəritəsi Hökumətlərarası Komissiyanın Minskdə keçiriləcək növbəti iclasında bugünkü razılaşmalar və nazirlərimizin burada iki gün ərzində çalışdıqları, hələ üzərində işləyəcəkləri məsələlər nəzərə alınmaqla aktuallaşdırılacaq. Bəzi məsələlər artıq köhnəlib, yeni problemlər meydana çıxır. Bütün bunlar həmin planda öz əksini tapacaq. Burada iqlim üzrə beynəlxalq konfrans keçirildikdə, çox güman ki, mən orada iştirak edəcəyəm, bunu planlaşdırıram. Biz İlham Heydər oğlu ilə daha məhdud tərkibdə və yenidən görüşəcəyik. Görüşdə Hökumətlərarası Komissiyamızın həmsədrləri bu xəritənin nədən ibarət olması, hansı işlərin görüldüyü barədə məruzə edəcəklər. Biz nazirlərin xəritəni tərtib etmələrini gözləməyəcəyik, bu işə yeni ildən başlayacağıq. Hansısa məsələlər üzrə belə də olacaq. Amma bir sıra məsələlər var ki, onları işləyib hazırlamaq deyil, sabahdan başlamaq lazımdır. Biz kompleks mineral gübrələrin birgə istehsalı üzrə razılaşdıq. Burada gecikməyin mənası yoxdur. Kompleks qarışıq gübrələr istehsal etmək və Azərbaycanın hər hansı gübrə ilə bağlı xahiş etməməsi üçün daxili bazardan başlamaq, onu burada istehsal etmək lazımdır. Bizim texnologiyalarımız var, bunu həyata keçirməyə və bütün regionu təmin etməyə hazırıq. Region isə çox böyükdür – İran, Pakistan, Hindistan. Onlar böyük miqdarda mineral gübrələr tələb edir. Biz onlara kompleks şəkildə gübrə təklif edəcəyik. Ona görə də məsələ bu cürdür – artıq həll etməyə başlamaq və noyabra qədər irəli getmək lazımdır. Qarşıya bu cür vəzifələr qoyulub.
Biz bütün məsələləri müzakirə etdik. Bağlı mövzular olmadı. Bu, təkcə texnika və MT3 deyil, MAZ texnikasının birgə istehsalı, yanğınsöndürən texnikasının birgə istehsalı, lift avadanlığının, xüsusən sovet binalarında dəyişdirilməli olan köhnə liftlərin hissələrinin birgə istehsalıdır. Biz azərbaycanlı dostlarımızla bu texnikanı birgə istehsal etməyə hazırıq. Prezident xahiş etdi ki, biz dəmir yolu hərəkət texnikasının – həm platformaların, həm də çənlərin istehsalına diqqət yetirək. Bizim yaxşı təcrübəmiz var. Bunları istehsal edən şirkətlərimiz, zavodlarımız mövcuddur. Bu texnikanın burada birgə istehsalını təşkil etməyə hazırıq. Kənd təsərrüfatında buraya cins mal-qara, hər şeydən əvvəl, süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün tədarüklə bağlı böyük proqramlarımız var. Biz bu mal-qaranı sizə tədarük edəcəyik. Bundan başqa, Sizin azad etdiyiniz ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırıq. Venesueladan başlayaraq, bizim belə bir təcrübəmiz var. Amma bura Venesuela deyil, yaxındır, eyni dildə danışırıq, bir-birimizi başa düşürük. Ona görə də həmin torpaqlarda sizin üçün, ilk növbədə, iş yerləri olan aqroşəhərcik tikəcəyik. Baxarsınız, sizə uyğun olarsa, biz onların sayını artırarıq. Belə ki, bu gün Prezidentə bizim böyük sərvətimizin – meşələrimizin olduğunu söylədim. Bizdə o qədər taxta-şalban var ki... Bu, Azərbaycanda qıtdır. Bu məsələdə təbiət bizi mükafatlandırıb. Biz orada sizin üçün evlər yaratmağa hazırıq. Belarusda taxta evlər təcrübəsi geniş yayılıb. Evi hissələrlə vaqonlarda gətiririk, bir həftə ərzində bünövrəsi üzərində tikib qurtarırıq. Biz Belarusda bu cür edirik. Əgər sizə uyğun gələrsə, biz tədarük edə və sizin dirçəldilən ərazilərdə belə evlər tikə bilərik. Bir sözlə, çox böyük planımız var. Biz işləməyə davam edəcəyik.
Əczaçılığa, dərmanlara gəldikdə isə biz lap elə sabahdan sizin çox ehtiyac duyduğunuz dərmanları tədarük etməyə və burada Belarus texnologiyası əsasında dərman və preparatlar üçün birgə istehsalat qurmağa hazırıq. Bu da çox böyük proqramdır və Azərbaycanda heç kimə işləməyə mane olmur. Biz burada heç kimlə ziddiyyət yaratmırıq, hətta heç kimlə rəqabət də aparmırıq. Halbuki rəqabət olmalıdır.
Bir sözlə, çox iş görə bilərik. Həm humanitar sahədə, həm də idmanda. Siz ölkədə MDB Oyunlarını qəbul edəcəksiniz. Biz də qoşulacağıq, həm də axı bu Oyunları biz Sizinlə birgə xilas etmişik. Əgər Belarus və Azərbaycan olmasaydı, yəqin ki, bu Oyunlar artıq süquta uğrayardı. Biz onu xilas etdik. Ötən Oyunlar bizim ölkədə keçirildi, bu dəfə isə estafeti siz bizdən qəbul etdiniz. Bir vaxtlar Avropa Oyunlarının estafetini də biz sizdən qəbul etmişdik. Ona görə də, təcrübəmiz böyükdür. Sizinlə idman, səhiyyə, təhsil, o cümlədən, əvvəllər TPM adlandırdığımız texniki peşə məktəblərimizin təcrübəsi sahəsində əməkdaşlıq edəcəyik. Biz burada texniki peşə təhsili verən obyektlərin təşəkkül tapmasına və yeni əsaslarla yaradılmasına kömək etməyə hazırıq. Bizim bu sahədə təcrübəmiz böyükdür. Həm də biz onları Sovet vaxtından bəri qoruyub saxlamışıq. Bu gün isə peşə ixtisaslarına həm bizim ölkədə, həm Rusiyada, həm digər MBD ölkələrində, həm də Azərbaycanda böyük tələbat var. İlham Heydər oğlu bu işlə məşğul olmağımızı bizdən xahiş edib. Biz də sizin mütəxəssislərlə birlikdə bu işi mütləq birlikdə həyata keçirəcəyik.
Bəli, biz regionlarımızda təhlükəsizlik məsələlərini müzakirə etmişik. İlham Heydər oğlu burada baş verənlərlə bağlı mənə ətraflı məlumat verdi, qeyri-sabit regiondur, Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də, nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız.
Mən bizim regionda Ukraynadakı münaqişə ilə bağlı nə baş verdiyi barədə məlumat verdim. Həm də ətraflı şəkildə. Bununla bağlı qiymətləndirmələrimiz, baxış bucaqlarımız həm yaxındır, həm də üst-üstə düşür. Bizim mövqeyimizi Siz bilirsiniz. Bizə indi orada heç də asan deyil, ancaq biz orada sülh olması üçün əlimizdən gələni edəcəyik. Biz bu istiqamətdə hərəkət edəcəyik. Bu məsələdə Azərbaycanın müharibədən sonrakı quruculuqla, sülh quruculuğu ilə bağlı təcrübəsi bizim region üçün də çox vacibdir. Biz bir-birimizlə etimad əsasında söhbət edirik. Bizim nə şəxsi, nə də dövlətlərarası planda gizli sirrimiz yoxdur. Bu isə ölkələrimizin nazirlərinin də artıq bu notlar üzərində danışmağa başlamasına və danışmasına xidmət edir. Buna görə də, mən şəxsən burada səfərdə olan hökumət nümayəndələrimizdən bu ölkədən azərbaycanlı tərəfdaşları ilə quracaqları əməkdaşlıq proqramı ilə ayrılacaqlarını gözləyirəm. Xoşagələn hal odur ki, ticarət dövriyyəmiz 400 milyona yaxındır və bu gün artıq azərbaycanlı nazirlərin təşəbbüsü ilə bu rəqəmi 1 milyarda çatdırmaq niyyətindəyik. Bu, çox böyük addım olacaq. Ola bilsin ki, biz bunu iki mərhələdə həyata keçirəcəyik. Əvvəlcə ticarət dövriyyəmizin 500 milyona çatdırılmasına, il ərzində isə digər yarısını əldə etməyə müvəffəq olarıq. Müəyyən vaxtdan sonra biz bu rəqəmi 1 milyarda çatdıracağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Əgər məsələn, Azərbaycanda da istehsal edilən məhsulu dost olmayan ölkələrdən satın alırıqsa biz heç nəyə baxmayaraq dərhal ondan imtina etməli və buradan almalıyıq. Eynilə, Azərbaycan da bizə qarşı bu cür addım atacaq. İlham Heydər oğlu, mən Sizi Belarusa dəvət edirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Prezident Aleksandr Lukaşenko: Noyabrda Sizin ölkəyə gələcəyəm, müzakirə edərik, Siz də Belarusa səfər edəcəksiniz. Bir-birimizin ölkəsinə tez-tez səfər etməyimizə baxmayaraq, danışdığımız kimi, Sizin bizim ölkəyə səfərinizi hazırlayacaq Baş nazirinizi respublikamızda görməyə şad olacağıq. Ən başlıcası isə dost kimi və mənim şəxsən dostum kimi Sizə və qardaş Azərbaycan xalqına bu ağır dirçəliş dövrünü itkilərsiz başa vurmağı və qarşınıza qoyduğunuz planları yerinə yetirməyi arzu edirəm. Əminəm ki, Siz bunu edəcəksiniz, həm də istərdim ki, tez edəsiniz, Siz bunu bacarırsınız. Siz bütün dünyaya göstərdiniz ki, Sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız. Sizə xoşbəxtlik və uğur arzulayıram.
Prezident İlham Əliyev: Sağ olun.