YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələr gündən-günə genişlənməkdədir

Anar Alışov

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Müstəqil xarici siyasət aparan Azərbaycan və Bolqarıstan Respublikaları arasında zəngin tarixi əlaqələr mövcuddur. İki ölkə arasında diplomatik əlaqələr 05 iyun 1992-ci ildən başlamışdır. 1999-cu ildən Bolqarıstanın Bakıda səfirliyi fəaliyyət göstərir. Hazırda Azərbaycan və Bolqarıstan Respublikaları arasında mədəni, iqtisadi, turizm və enerji sahəsində ikitərəfli geniş əlaqələr mövcuddur. 2005-ci ildə Azərbaycanın Sofiyada səfirliyi təsis edilmişdir. Qarşılıqlı hər iki ölkə arasında səfirliklərin fəaliyyət göstərməsi ilə əlaqələr daha da genişləndirilmiş və bu günə qədər Azərbaycanla Bolqarıstan arasında 60-dan çox sənəd imzalanmışdır.

8 may 2024-cü il tarixdə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana səfəri hər iki ölkə arasında ikitərəfli münasibətlərə yenidən baxılması və münasibətlərin bugünkü tələblərə uyğun şəkildə qurulmasına böyük tövhə verəcəkdir. Ümumiyyətlə Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusəndə Bolqarıstanla qarşılıqlı əməkdaşlıqda ölkəmiz daha çox maraqlıdır. Odur ki, əlaqələrin möhkəmlənməsi nəticəsində bu gün Azərbaycanla Bolqarıstan Cənubi Qafqazda və Qara dənizdə strateji və etibarlı tərəfdaşdırlar.

2022-ci ildə Azərbaycan qazının Bolqarıstan bazarına nəqli 600 milyon kubmetr olmuşdur. 2023-cü ildə bu rəqəm 1 milyard 250 milyon kubmetr təşkil etmişdir. Cari ildə bu rəqəmin 1 milyard 500 milyon kubmetr olacağı gözlənilir. Bu da Bolqarıstanın illik qaz təlabatının 50%-nin Azərbaycan qazı ilə təmin olunacağı deməkdir. Eyni zamanda Bolqarıstan üzərindən digər Avropa ölkələrinə Azərbaycanın təbii qazı nəql edilməkdədir. Bakıda keçirilən ikitərəfli görüş imkan yaratmışdır ki, hər iki ölkə arasında fəal siyasi dialoq yaransın və bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin.

Azərbaycan bir çox ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Avropa məkanı üçün bu gün Azərbaycan təkcə neft və qaz təchizatçısı kimi deyil həm də yaşıl enerji təchizatçısı kimi etibarlı tərəfdaşdır. Bunun üçün ölkəmizdə böyük potensial vardır. Ölkəmizin gələcəyə yönəlmiş modernləşmə istiqamətində qoyduğu sərmayə sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun yük ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Azərbaycan tərəfindən irəli sürülmüş bu layihə bu gün reallığa çevrilmişdir. Həm Şərq-Qərb, həm də əks istiqamətdə böyük həcmli yüklərin daşınması Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında iqtisadi əlaqələri daha da gücləndirəcəkdir.

Bolqarıstan Respublikasının Prezidenti Rumen Raden Prezident İlham Əliyevlə görüşü zamanı son iki ildə artıq Azərbaycana 4-cü səfərinin baş tutduğunu vurğulamışdır. Prezident İlham Əliyev də bu səfərdən məmnunluğunu bildirmiş və hər iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə imzalanmışdır. Bundan başqa Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti və Bulgaria Air Səhmdar Cəmiyyəti arasında kod paylaşma sazişi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında anlaşma memorandumu imzalanmışdır.

2022-ci il tarixdə Avropa ittifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum bu gün tam şəkildə icra olunur. Avropa ittifaqı Azərbaycanı etibarlı tərəfdaş kimi görür və bunun bariz nümunəsi olaraq göstərə bilərik ki, artıq Avropa ölkələrinin enerji sahəsi üzrə təlabatının ödənilməsində  Azərbaycanın payı gündən günə artmaqdadır.

Prezident İlham Əliyevin apardığı gələcəyə yönəlmiş xarici siyasət gələcəkdə ölkəmizin maraqlarına xidmət etməklə yanaşı həmdə dünyada baş verə biləcək hadisələrin fonunda böyük əhəmiyyət daşıyır. Artıq Azərbaycan bu il ev sahibliyi etdiyi COP 29 layihəsi ilə dünyamızın gələcəkdə qarşılaşacağı problemlərin həllinə öz tövhəsini verməkdədir. İnanırıq ki, gələcəkdə də ölkəmizdə bu tipli tədbirlər yüksək səviyyədə keçiriləcək və dünya dövlətləri Azərbaycanı daim bir etibarlı tərəfdaş ölkə kimi qəbul edəcəkdir.