Xəbərlər
“Heydər Əliyev və Azərbaycanın milli maraqlarına əsaslanan dövlət siyasəti”
Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanın milli maraqlarına əsaslanan dövlət siyasəti” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.
Daha sonra mərkəzdə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Tədbir iştirakçıları eksponat, fotoşəkil və kitablarla tanış olublar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Tatlı kənd tam orta məktəbin direktor müavini Aqşin Quliyev və Yaradullu ümumi orta məktəbin müəllimi Şəfəq Cəlilova Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın milli maraqlarını hər zaman uca tutduğunu söyləyiblər. Qeyd olunub ki, Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq yürütdüyü yeni xarici siyasət kursu nəticəsində Azərbaycan beynəlxalq aləmdəki təcrid vəziyyətdən çıxarıldı, xalqımızın haqq işi dünya ictimaiyyətinə olduğu kimi çatdırıldı, respublikamız ətrafındakı informasiya blokadası tamamilə aradan qaldırıldı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək xalqımızın ən böyük arzusunu reallaşdırması məhz Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir.
Sonda fəal partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
