Xəbərlər
Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. İki ölkə arasında 60-dan çox sənəd imzalanıb. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.
Bolqarıstan Prezidenti Rumen Radevin bu günlərdə ölkəmizə səfəri çərçivəsində də əlaqələrimizin ötən dövr ərzində yüksələn xətlə inkişaf etdiyi əsaslı şəkildə diqqətə çatdırıldı. Cənab İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşlərinin müntəzəm xarakter daşıdığını bildirdi: “Keçən il həm Prezident Radev Azərbaycana, həm də mən Bolqarıstana səfərlər etmişdik. Eyni zamanda, keçən il biz Bolqarıstan-Serbiya sərhədində görüşmüşdük. Bir sözlə, fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.”
Qarşılıqlı səfərlər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da genişləndirilməsinə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir. Səfər çərçivəsində Azərbaycan Prezidenti bolqarıstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüşlərində ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı. Bildirdi ki, səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür.
Azərbaycan dünyaya xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən azsaylı ölkələrdən biridir. Statistik rəqəmlərə diqqət yetirək. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün qeyd edildi ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Hesablamalara görə, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Bu gün Azərbaycan Avropa Komissiyasının vurğuladığı kimi, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.
Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri Robert Fitson ilə görüşlərində də enerji sektorunda mövcud imkanlar və əməkdaşlığın perspektivləri müzakirə edildi. Qeyd edildi ki, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.
Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.
Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, genişmiqyaslı yaşıl gündəlik də icra edilir. Cənab İlham Əliyev bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşası fonunda qaza qənaət etmək imkanının yaradılacağını və bu qənaət olunmuş qazın əsas ünvanının Avropa olacağını bildirdi.