YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji həmrəyliyin yeni mərhələsi

Fatma Yıldırım

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə bir daha göstərdi ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq ən yüksək səviyyədə inkişaf edir. Dövlətimizin başçısı çıxışında vurğulanan məsələlər regionumuzun gələcək inkişaf xəttini müəyyən edən strateji istiqamətləri ehtiva edir və Azərbaycan-Özbəkistan münasibətlərinin nümunəvi xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri tarixən, mədəniyyət, coğrafiya və ortaq dəyərlər baxımından bir-birinə sıx bağlıdır. İlk baxışda fiziki sərhədlər ayrı görünə bilər, lakin Xəzər dənizi bizim xalqlarımız arasında körpü rolunu oynayan mühüm geosiyasi məkandır. Bu gün Xəzər yalnız su hövzəsi deyil, strateji birlik və əməkdaşlıq rəmzidir. Dövlət başçımızın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ardıcıl iştirakı Azərbaycanla region ölkələri arasındakı siyasi dialoqun yüksək səviyyəsini göstərir.

Xüsusilə, Azərbaycan-Özbəkistan münasibətləri dövlət başçılarının şəxsi dostluğuna, qarşılıqlı etimada və vahid tarixi-mədəni köklərə söykənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, son illərdə qarşılıqlı səfərlərin intensivliyi əlaqələrimizin rekord səviyyədə inkişaf etdiyini sübut edir. İmzalanan müttəfiqlik müqavilələri, yol xəritələri, çoxsaylı sazişlər dövlətlərimiz arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəltmişdir.

Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə ardıcıl dəstəyi, xüsusilə Qarabağın bərpasına göstərdiyi qardaş yardımı, Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası bizim üçün böyük mənəvi əhəmiyyət daşıyır.

İqtisadi-ticari əlaqələrin dinamik artımı, qarşılıqlı investisiyaların çoxalması, Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika infrastrukturunda əməkdaşlıq Azərbaycan-Özbəkistan tərəfdaşlığının strateji mahiyyətini daha da gücləndirir. Təkcə 2025-ci ilin 9 ayında ticarət dövriyyəsinin 87 faizdən çox artması bu əlaqələrin real nəticələrini göstərir. Azərbaycan ticarət, sənaye, kənd təsərrüfatı, energetika və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində qətiyyətlidir.

Mədəni-humanitar sahədə reallaşdırılan layihələr, qardaşlaşmış şəhərlərin artan əməkdaşlığı, keçirilən mədəniyyət günləri xalqlarımız arasında yaxınlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Daşkənddə Heydər Əliyev meydanının yaradılması, Bakıda Özbəkistan parkının salınması bu dərin dostluğun rəmzidir.

Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir və türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfə verir. 2027-ci ilin U-20 Dünya Çempionatının Azərbaycan və Özbəkistan tərəfindən birgə keçirilməsi isə bu strateji tərəfdaşlığın idman sahəsində də mühüm nəticələr verdiyini sübut edir.

Bütün bu faktlar onu göstərir ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər yeni tarixi mərhələyə qədəm qoyub. Bu əməkdaşlıq yalnız iki ölkə üçün deyil, bütövlükdə regionun inkişafı, sabitliyi və rifahı üçün böyük strateji əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin bu müsahibəsi həm ölkələrimiz arasındakı çoxşaxəli əməkdaşlığın mahiyyətini aydın şəkildə ortaya qoyur, həm də gələcək fəaliyyət üçün yol xəritəsi rolunu oynayır. Azərbaycan-Özbəkistan qardaşlığı bundan sonra da güclənəcək, xalqlarımız arasındakı sarsılmaz bağlar daha möhkəm olacaq.