YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səhiyyənin inkişafına misilsiz töhfə

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Aprelin 15-i görkəmli alim, akademik Zərifə  Əliyevanın anım günüdür. Hər il aprel ayının 15-də Azərbaycan xalqı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini sonsuz ehtiramla anır.

Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunun, Şahtaxtı kəndində anadan olub. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Görkəmli alim bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 təklifin müəllifidir. O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparıb, cərrahi əməliyyatlar həyata keçirib, gözdə qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsi baxımından bir neçə elmi-metodoloji fikirlər irəli sürüb, göz həkimlərinin təkmilləşdirilməsi üçün pedaqoji fəaliyyət göstərib. Zərifə Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır. 

Zərifə xanım Əliyeva gənc həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə xeyli zəhmət sərf etmişdir. Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub. Zərifə xanımın yetişdirdiyi həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edirlər.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.

DİGƏR Xəbərlər Arxiv