Xəbərlər
Nurlu insan
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Aprelin 15-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə xanımın keçdiyi şərəfli, mənalı ömür yolu hər bir azərbaycanlı, o cümlədən Azərbaycan qadını üçün mənəviyyat və kamillik məktəbidir. Zərifə xanım Əliyeva özünün gözəl insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb. Onun ömür yolu parlaq səhifələrlə zəngindir. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyin uca zirvəsinə yüksəlmiş görkəmli elm fədaisinin nurlu çöhrəsi canlanır. Onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.
Zərifə xanım Əliyeva həyatı daim mübarizələrdə keçən ulu öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu ağır yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. O, cənab İlham Əliyev kimi böyük şəxsiyyəti dünyaya gətirən, tərbiyə edən, layiqli vətəndaş kimi yetişdirən anadır. Eyni zamanda, Zərifə xanım Azərbaycan tibb elminin inkişafına misilsiz töhfələr verib. Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib. Onun daha bir xidməti yüksəkixtisaslı kadrlar yetişdirməsidir. Akademik Zərifə xanım Əliyeva zəngin irs qoyub, öz tədqiqatları, fundamental əsərləri ilə Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb. Zərifə xanım Əliyeva bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.
Görkəmli oftalmoloqun tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində ətraflı əks olunub. Bu əsərdə həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamları, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolu, tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyi ön planda verilib.
Təbabətdə öz dəstxəti olan novator alim 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Onun yaşadığı ömür başdan-başa bir kamillik mücəssəməsidir. Azərbaycan xalqı, o cümlədən, respublikanın elmi ictimaiyyəti görkəmli alimin tibb elminə verdiyi töhfələri unutmur, hər il onun həyat və yaradıcılığının tədqiqinə həsr olunan yeni-yeni əsərlər yaradılır. Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyatı və yaradıcılığı hər zaman dərin hörmətlə yad olunur.