Xəbərlər
Türkiyənin NATO PA-dakı nümayəndəsi Mövlud Çavuşoğlu Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 4-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, abidə önünə əklil qoyub.