YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərlərin ilk müjdəsi

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan Ordusunun möhtəşəm zəfərlərindən olan Aprel döyüşlərindən 8 il ötür. Bu döyüşlər Azərbaycanın şanlı Ordusunun tarixinə qızıl hərflərlə yazılan zəfər səlnaməsidir. Qalibiyyət bayrağını başı üzərində dalğalandıran Vətənimizin mərd oğulları xalqımızın qəhrəmanlıq, sərkərdəlik tarixini keçən zamanlardan üzü bəri belə şərəflə yaşadıb, bu gün də yaşadır, sabah da yaşadacaqlar.

Ordu ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığıdır. Bütün bunların tarixi köklərimizə və milli-mənəvi dəyərlərimizə bağlılığın, sədaqətin nəticəsi olduğu dəfələrlə təsdiqlənib. Tariximizə Aprel döyüşləri kimi yazılan qələbə isə bir daha Azərbaycan Ordusunun gücünü nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşləri hər zaman xalqımızın qəhrəmanlıq səhifəsinə qürurla yazılacaq və qürurla xatırlanacaq  bir tarixdir.

Aprel döyüşləri həm də, Ordumuzun gücünün, xalqla ordunun birliyinin, gənclərimizin vətənpərvərliyinin göstəricisi kimi tarixə düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Aprel döyüşləri nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndləri istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Lələtəpə yüksəkliyinin və onun ətrafındakı strateji baxımdan mühüm əhəmiyyət daşıyan ərazilərin azad edilməsi ilə Ordumuz geniş əraziyə nəzarət etmək imkanı qazandı. Qısa müddətdə bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mühəndis-istehkam məntəqələri quruldu. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Dörd günlük müharibədə 320-dən artıq düşmən hərbçisi məhv edildi. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Azərbaycan Ordusu Ağdərə, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanını qazandı. Aprel döyüşləri nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı.

Aprel döyüşləri həm də 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərimizin ilk müjdəsi oldu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini atəşə tutması artıq dövlətimizin, xalqımızın səbr kasasını daşırdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atmaqla nəyi nə zaman etməyi bildiyini bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu – işğal edilmiş torpaqlarımızı tərk etmək! Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə müqəddəs savaşın başlandığı sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və bu əminlik gerçəkliyə çevrildi.

44 gün ərzində Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Sonrakı mərhələdə isə Ermənistan kapitulyasiya aktına imza atdı, Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən geri alındı. Ötən ilin sentyabrında isə rəşadətli ordumuzun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində erməni separatizminə son qoyuldu. Bununla da, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu zəfərlərin ilk müjdəçisi isə Aprel döyüşləridir.

DİGƏR Xəbərlər Arxiv