Xəbərlər
Xalqın əyilməz ruhunun təntənəsi
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Azərbaycan xalqı artıq dörd ildir ki, Novruz bayramı işğaldan azad edilmiş ərazilərdə də qeyd edir, bu torpaqlarda da tonqallar qalanır. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin olunduqdan sonra ilk dəfədir ki, xalqımız Novruz bayramı qeyd edir. Prezident İlham Əliyev martın 18-də Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı və xalqımızı təbrik etdi. Bayram təbrikində ölkə başçısı qeyd etdi ki, bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan ölkəmizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər. Prezident İlham Əliyev vurğuladı ki, xalqımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayır. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.
Prezident İlham Əliyev onu da qeyd etdi ki, Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Xankəndi şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi.
Xalqa bayram təbrikində Prezident İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini torpaqlarımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Lakin Azərbaycan bununla barışa bilməzdi və ölkəmiz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü, suverenliyimizi bərpa etdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini Azərbaycan döyüş meydanında bərpa etdi. Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Ölkəmiz bir daha göstərdi ki, öz yolundan dönməyəcək, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, xalqımız öz istədiyinə nail olacaq. Artıq bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq. Bərpa-quruculuq işləri davamlı olaraq aparılır. Geniş quruculuq işləri aparılır, artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qayıdırlar.