Xəbərlər
Əlaqələrimiz qürurvericidir
Abil Ağasəfov
YAP Qəbələ rayon təşkilatının sədri
Bu gün türk dünyasının birliyi diqqətdədir. Mütəmadi olaraq bu birliyin daha da möhkəmləndirilməsinə xidmət edən addımlar atılır. Martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə dövlət səfəri bu istiqamətdə mühüm addımlardan oldu. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il avqustunda yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin yaradılması ilə bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub.
Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında qardaş ölkə ilə münasibətlərimizin ayrı-ayrı sahələrdə uğurlu inkişafından geniş bəhs etməklə yanaşı diqqəti Qazaxıstanın hazırkı inkişaf səviyyəsinə yönəltdi: “Mən həmkarımı Qazaxıstanın sosial-iqtisadi inkişafda, iqtisadiyyatın davamlı artmasında, beynəlxalq məsələlərdə nüfuzunun daim yüksəlməsində əldə olunan nailiyyətlərə görə təbrik etdim. Bu, bizim üçün çox mühümdür, qardaş xalqla qürur duyuruq. Çünki bu gün Qazaxıstan beynəlxalq arenada müdrik siyasət, düzgün seçilmiş strategiya və dövlətin inkişafına yönəlmiş dəqiq, ölçülüb-biçilmiş addımlar, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyət sayəsində çox böyük nüfuza malikdir. Biz buna ürəkdən sevinirik. Qazaxıstana hər səfərdə dəyişikliklərin şahidi olursan. Mən Kasım-Jomart Kemeleviçə dedim ki, müasir, gözəl meqapolis olan Astananın salınması dünya tarixində nadir nümunələrdən biridir. Mənim hər səfərimdə, - artıq dediyim kimi, son ilyarımda dörd dəfə orada olmuşam, - inkişafın şahidi oluram. Bütün bunlar Prezident Tokayevin öz xalqının, dövlətinin rifahı naminə və dostlarının sevincinə səbəb olan islahatlarını əks etdirir. Biz münasibətlərimizi daha böyük məzmunla zənginləşdirmək üçün səmimi səylər göstəririk. Dövlət səfəri münasibətlərin ən yüksək səviyyədə nümayişidir. Səfərə hazırlıq çərçivəsində onu ciddi məzmunla zənginləşdirməyə çalışırdıq.”
Səfər çərçivəsində diqqət göstərilən əsas məsələlərdən biri Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29 oldu. “Biz COP29 iqlim konfransına hazırlıq məsələlərini müzakirə etdik və qazaxıstanlı qardaşlarımıza bu çox mühüm beynəlxalq konfransa hazırlıq və onun keçirilməsi çərçivəsində əməkdaşlıq təklif etdik” bildirən cənab İlham Əliyev onu da vurğuladı ki, həmçinin humanitar əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu. Hər bir istiqamət geniş sahədir. Hökumət üzvlərinin məruzələrini dinləyəndə əyani şəkildə əmin olduq ki, artıq çoxlu iş görülüb. Həm mədəniyyət günləri, həm müxtəlif tədbirlər, həm də xalqlarımızın görkəmli nümayəndələrinin xatirəsinin anılması, nəqliyyat, energetika əməkdaşlığı layihələrinin praktiki həlli, “yaşıl” enerji sahəsində əməkdaşlığın perspektivləri əsas diqqət göstərilən məsələlər sırasında oldu.
Ölkə Prezidenti bu məqama da diqqət yönəltdi ki, TransXəzər nəqliyyat marşrutunu dünya nəqliyyat-logistika spektrinə çıxaran indiki geosiyasi şərait möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi. Bu gün bunlara həmişəkindən daha çox ehtiyac var. Əgər bu gün nəqliyyat infrastrukturuna investisiya qoymağa başlasaydıq, yəqin ki, indi həmin potensiala malik olmaq üçün onilliklər lazım gələrdi. İndi bu bünövrə üzərində biz nəqliyyat-tranzit imkanlarımızın, həm limanların, dəmir yollarının, həm də sinergiya yaradılmasının, vahid nəqliyyat kompleksinin qurulmasının genişləndirilməsini planlaşdırırıq.
Keçilən yolun təhlili əsasında bu reallıq təsdiqləndi ki, münasibətlərin gələcək inkişafı üçün möhkəm baza mövcuddur. Əlaqələrin inkişafında imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Sözügedən səfərdə 9 sənəd imzalandı ki, bunlar mövcud imkanların daha da artırılmasına yönəlib. Təhsil, media sahəsində əməkdaşlıq yenə də əsas prioritetlər sırasındadır.
Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir.
Onu da qeyd edək ki, regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür. Ölkələrimizin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilmələrinə xidmət edən "Rəqəmsal İpək Yolu" layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası istiqamətində görülmüş işlər təqdirəlayiqdir.
Azərbaycanın qazandığı uğurlardan böyük sevinc hissi keçirdiyini bildirən Qazaxıstan Prezidenti tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizintam bərpa olunmasının ardınca digər uğurumuzu- COP29-a ev sahibliyini qeyd etdi. “Daha bir uğuru – qlobal iqlim konfransının keçirilməsini qeyd etmək istərdim. Bu mühüm tədbirin məhz Bakıda keçirilməsi faktı bir çox məqamlardan xəbər verir. Hər şeydən əvvəl, Sizin ölkənizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi amilidir” söyləyən Qazaxıstan Prezidenti vurğuladı ki, həqiqətən Azərbaycanın nüfuzu durmadan artır. Bu, həm iqtisadiyyatda, həm də beynəlxalq siyasətdə baş verir: “Əlbəttə, Qazaxıstan COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir. Hər halda mən Sizin dəvətinizlə həmin tədbirdə şəxsən iştirak etməyi planlaşdırıram.”
Göründüyü kimi, əlaqələrimiz qürurvericidir. Hər səfər dostluğumuza, qardaşlığımıza yeni əlavələr edir. Sözügedən səfərin mühüm özəlliyi Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzulidə, onun ardınca Şuşada olması, qazax xalqının hədiyyəsinin təqdimatında iştirak etməsidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq.