YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib ölkənin vətəndaşı olmaq böyük xoşbəxtlikdir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan gəncliyinin müstəqilliyimizin bərpasından ötən 32 ildən artıq dövrdə keçdiyi inkişaf  yolu təhlil edilərkən uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdə nümayiş etdirdikləri fədakarlıqları, Vətən, torpaq sevgisi xüsusi qeyd edilir. Bu gün gənclərimizin uğurları ilə qürur duyuruqsa, bu, möhkəm təməlin nəticəsidir. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı prioritet olub. 2 Fevral- Gənclər Günü  Azərbaycan gəncliyinin ayrı-ayrı dövrlərdə keçdiyi yolun aydın mənzərəsini yaradır. Bu tarix həm ölkədə gənclərə diqqət və qayğının hansı səviyyədə olduğunu, həm də bu günün təsis olunması səbəbini təhlil etmək  zərurətini ortaya çıxarır. Hazırda   Azərbaycan gəncliyi  ictimai həyatın bütün sferalarında  aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin avanqard qüvvəsinə çevrilib.  Bu fikir daim önə çəkilir ki,  əgər dahi şəxsiyyət  Heydər Əliyevin hakimiyyətinin birinci  dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Azərbaycan müstəqillik qazandıqdan, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu.  Bu fakt da inkaredilməzdir ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ümummilli Lider Heydər Əliyevin  təşəbbüsü və iştirakı ilə keçirilən  gənclərin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də Gənclərin I forumu keçirilib,  1997-ci ildə Ulu Öndərin  Sərəncamı əsasında I Forumun keçirildiyi tarix- 2 fevral   Azərbaycanda Gənclər Günü kimi elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Ulu Öndər Heydər Əliyev 1999-cu ildə imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaratdı.  Fərmana əsasən, Azərbaycanda  dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edildi, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı.   2002-ci ildə  “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanun   Azərbaycanda gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Ümumilikdə gənclərin inkişafı, dövlət idarəçiliyində irəli çəkilməsi Ulu Öndər Heydər Əliyevin diqqət göstərdiyi əsas məsələlər sırasında olub.

Son 20 ildə  bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərimizin inkişafına yönələn addımların davamlılığında öz əksini tapır. “Gənclər İli”nin, həmçinin “Könüllülər İli”nin təsis edilməsi də bu diqqət və qayğının nəticəsidir. Cənab İlham Əliyev daim bu reallığı da diqqətə çatdırır ki, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur. Ölkəmizdə gəncləşmə siyasəti aparılır. Hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına xidmət göstərir. Bu çağırış əsas hədəflərimizdəndir: “Azərbaycanda  təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır.”

Azərbaycanın dayanıqlı inkişafında yeni texnologiyaların rolu inkaredilməzdir. Bu da öz növbəsində kadr hazırlığını günün əsas tələbinə çevirir. Ümumilikdə hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, inkişafin, tərəqqinin davamlılığını şərtləndirən əsas amil elm, təhsil, yeni texnologiyalardır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini  şərtləndirir. Ölkə Prezidenti  İlham Əliyev inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən qeyd edir ki,  onları bu səviyyəyə yüksəldən  təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır.

Bu gün Azərbaycanda hansı sahəyə baxsaq gənclərimizin fədakarlığını, vətənpərvərlik hissindən irəli gələn addımlarının uğurlu nəticələrini görürük. Prezident İlham Əliyev 2022-ci ildə  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq etdi. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan  vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək. Təbii ki, gənclərin xaricdə təhsili həm onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə geniş imkanlar yaradır, həm də onlar həmin ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğaşçısı missiyasını da yerinə yetirirlər. Bu gün gənclərimiz daha qürurlu və məsuliyyətlidir. Qalib ölkənin vətəndaşı olmaq böyük xoşbəxtlikdir.