Xəbərlər
Ucarlılar İlham Əliyevin siyasətini dəstəkləyirlər
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Ucar rayonunun Qaracallı, Pirkənd və Küçəkənd kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Görüşlərdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev, Yaqut Zeynalova və Elison İbrahimov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. Cənab İlham Əliyevin Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən qətiyyətli, müdrik Lider olduğunu deyən natiqlər seçiciləri yeni zəfərlər naminə Müzəffər Ali Baş Komandana səs verməyə dəvət ediblər.
Görüşdə çıxış edən seçicilər fevralın 7-də cənab İlham Əliyevə növbəti dəfə etimad göstərərək Azərbaycanın gələcəyinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün Ucar rayonunda seçicilərlə məhəlli görüşlər də keçirilib.