Xəbərlər
“Qərbi Azərbaycana qayıdışın ideoloji əsasları: Heydər Əliyev irsində Qərbi Azərbaycan məsələsi”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı il dönümünə həsr olunmuş “Qərbi Azərbaycana qayıdışın ideoloji əsasları: Heydər Əliyev irsində Qərbi Azərbaycan məsələsi” mövzusunda olan tədbir keçirilib.
Tədbir çərçivəsində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi də baş tutub.
Əvvəlcə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı il dönümünə həsr olunmuş “Qərbi Azərbaycana qayıdışın ideoloji əsasları: Heydər Əliyev irsində Qərbi Azərbaycan məsələsi” mövzusunda videoçarx nümayiş olunub.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Veteranlar Şurasının üzvü, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov, YAP İdarə Heyətinin üzvləri - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Qərbi Azərbaycan İcması Gənclər Şurasının sədri Şahin İsmayılov, YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov və Yasamal rayon bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcmasının Yasamal rayonu üzrə nümayəndəsi Tahir Məmmədov çıxış ediblər.
Qeyd olunub ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”nin elan olunması Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını gücləndirməklə yanaşı, müasir geosiyasi çağırışlara cavab verən milli mövqeyimizin möhkəmləndirilməsinin bəyan edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi və həmin ilin avqust ayında keçirilən plenumu bu kontekstdə təhlil etdikdə, həmin tarixi hadisənin təkcə respublika üçün deyil, bütöv bir xalqın gələcəyi üçün dönüş nöqtəsi olduğunu aydın şəkildə görürük.
Vurğulanıb ki, plenumda qəbul edilmiş beş strateji qərar – sənayeləşmə, kənd təsərrüfatının modernləşdirilməsi, milli kadrların yetişdirilməsi, elmin və mədəniyyətin inkişafı, milli özünüdərkin gücləndirilməsi – Azərbaycanda ideoloji yüksəlişin və siyasi sabitliyin bünövrəsini təşkil etdi. Məhz bu təməl prinsiplər 1993-cü illin ortalarından sonra müstəqil Azərbaycan üçün xilasedici siyasi və ideoloji dayağa çevrildi. Ulu Öndərin dövlətçilik konsepsiyasında Qərbi Azərbaycan məsələsi yalnız tarixi yaddaşın bir hissəsi deyil, həm də milli-siyasi suverenliyin ayrılmaz tərkib hissəsi kimi təqdim olunurdu. Ulu Öndər hələ 1990-cı illərdən başlayaraq Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın hüquqlarını daim gündəmdə saxlayır, onların qayıdış hüququnu beynəlxalq hüquq normaları çərçivəsində müdafiə edirdi. Bu ideoloji xətt bu gün Prezident İlham Əliyev tərəfindən strateji səviyyədə davam etdirilir. Prezidentin rəhbərliyi ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın hazırlanması və hüquqi əsaslar üzərində qurulması, məsələnin təkcə emosional deyil, rasional və diplomatik çərçivədə təqdim olunmasını təmin edir.
Qeyd olunub ki, tədbir çərçivəsində təqdim edilən “Qərbi Azərbaycan İrsi” kitabının I cildi – Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılması faktlarının toplanması həm də Ermənistanın mədəni soyqırımı siyasətinin ifşası baxımından siyasi əhəmiyyət daşıyır. Bu sənədlər Azərbaycanın beynəlxalq tribunalarda haqlı mövqeyini sübut edən dəlillər bazasını təşkil edir. Bu baxımdan həm 1969-cu il tarixli plenumun siyasi-ideoloji mirası, həm də bugünkü Qayıdış strategiyası bir-birini tamamlayan dövlətçilik fəlsəfəsinin tərkib hissələridir: “Əgər Ulu Öndər Heydər Əliyev dövrü milli şüurun formalaşması və sistemli dövlətçilik ideyasının təməlinin qoyulması ilə yadda qaldısa, bu gün Prezident İlham Əliyev həmin ideologiyanı reallığa çevirərək Zəfər siyasəti, ərazi bərpası, beynəlxalq hüququn milli maraqlarla uzlaşdırılması kimi fundamental prosesləri uğurla həyata keçirir”.
Sonra “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi ilə əlaqədar videoçarx nümayiş edilib.
Çıxışlardan sonra bir qrup partiya üzvünə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.