Xəbərlər
Gəncədə şəhid övladları üçün yay məktəbi təşkil edilib

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə şəhid övladları üçün yay məktəbi təşkil olunub.
Dörd gün davam edən yay məktəbinin ilk günu şəhid övladları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və partiya fəalları ilə birlikdə şəhər Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə gül-çiçək dəstələri qoyublar.
YAP Gəncə şəhər təşkilatının qərargahında davam edən görüşdə YAP İdarə Heyətinin üzvü, şəhər təşkilatının sədri Bayram Aslanov Vətən uğrunda şəhid olanların heç vaxt unudulmadığını, onların xatirələrinin əziz tutulduğunu, adlarının əbədiləşdirildiyini deyib.
“Yay məktəbi” proqramı çərçivəsində şəhid övladları şəhər Heydər Əliyev Mərkəzini, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Göygöl Dövlət Təbiət Qoruğu, Göygöl rayonu ərazisində yerləşən “Xan yurdu” yaylaq düşərgəsində olublar.
Şəhid övladları, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Elmar Fətəliyev ilə görüşüb, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin regional filialının əməkdaşları tərəfindən aparılan təlimlərdə iştirak ediblər.
Qeyd edək ki, yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü və bacarıqlarını, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.