Xəbərlər
Babək rayonunun Sirab və Zeynəddin kəndlərində seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Babək rayonunun Sirab və Zeynəddin kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşdə Naxçıvan MR Ali Məclisinin deputatı, YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov, Naxçıvan MR Ali Məclisinin deputatı Esmira Həsənova, Zeyqəm Məhərrəmov, Sübhən Əliyev və Əli Babayev çıxış ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkımizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev indi yalnız Azərbaycanın deyil, ümumilikdə Qafqazın yeni təhlükəsizlik sistemini və bu sistemin tərkib hissəsi kimi yeni geosiyasi, geoiqtisadi xəritəsini formalaşdırır. Əsrlər boyu çoxsaylı münaqişələrin, etnik çaxnaşmaların, dini təfriqələrin, separatçılıq savaşlarının hədəfi olan Qafqaz bölgəsi indi sülhə, etibarlı təhlükəsizlik mühitinə qovuşur.
Natiqlər qeyd edib ki, 7 fevral 2024-cü il tarixində keçiriləcək prezident seçkilərində aktiv iştirak edilməlidir.
Görüş zamanı seçicilər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.