Xəbərlər
Azərbaycan yeni qələbələr qazanmaq əzmindədir!
Şabran rayonunda seçicilərlə görüşlər keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Şabran rayonunun Əmirxanlı, Vələsli və Qazbabalı kəndlərində seçicilərlə görüşlər keçirilib.
Görüşlərdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, təşviqat qrupunun üzvləri Seymur Qədəşov və Təvəkkül Əliyev çıxış ediblər.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilən müdrik siyasət ölkəmizin günü-gündən çiçəklənməsinə səbəb olub.
Bildirilib ki, son 20 ildə Azərbaycan dövləti regionun lider dövlətinə çevrilməklə, bütün sahələrdə dinamik inkişafa nail olub, insanların rifah halı daha da yaxşılaşıb və bu istiqamətdə ardıcıl islahatlar davamlı olaraq həyata keçirilməkdədir.
Seçicilər əminliklə qeyd ediblər ki, fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycan xalqının qalib Lideri, xalqımıza şanlı Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklər.