Xəbərlər
Xalqa verilən vədlər yerinə yetirilib
Samux rayonunda seçicilərlə növbəti dəfə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Samux rayonunun İnstitut qəsəbəsində və Bağbanlar kəndində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, təşviqat qrupunun üzvləri Namiq Cəfərov, Mehman Əliyev, Azər Əhmədov, Rəhim Məmmədov, Nuranə Həsənova çıxış ediblər.
Bildirilib ki, bu gün Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi tarixində ən böyük quruculuq və qayıdış dövrünü yaşayır. Zəngin dövlətçilik irsinə malik Azərbaycan xalqı şanlı keçmişi ilə qürur duyur, əldə etdiyi azadlığını tarixi uğur kimi qiymətləndirir, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirir.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.