Xəbərlər
“Seçimimiz qalib Lider İlham Əliyevdir”

Qax rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qax rayonunun Tasmalı kəndində Tasmalı, Lələpaşa və Qarabaldır kəndlərindən olan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Qax rayon təşkilatının sədr müavini İlkin Abbasov, təşviqat qrupunun üzvləri Əlövsət Bayramov, Təbriz Cavadzadə və Vətən müharibəsi iştirakçısı Fərid Kərimov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev ötən dövr ərzində verdiyi bütün vədləri yerinə yetirib. 44 günlük Vətən müharibəsində ölkəmizin tarixi Qələbəsi isə torpaqlarımızın azad edilməsi uğrunda çoxillik fəaliyyətin qanunauyğun nəticəsi oldu. Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycanın Qarabağ bölgəsində 23 saatlıq lokal antiterror əməliyyatı isə suverenliyi, ölkəmizin Konstitusiya quruluşunun tam bərpasını təmin etdi, respublika ərazisində separatizmə birdəfəlik son qoyuldu.
Çıxış edənlər Tasmalı kənd seçicilərini 7 fevral prezident seçkilərində öz hüquqlarından istifadə edərək seçkilərdə fəal iştirak etməyə və qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycanın son 200 ilik tarixinin ən möhtəşəm Qələbəsinin memarı olan, qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.