Xəbərlər
Daşkəsən seçiciləri qalib xalqın qalib Liderinə səs verəcəklər
Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Daşkəsən rayonunun Quşçu kəndində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, təşviqat qrupunun üzvləri Cavanşir Qocayev, Nailə Məmmədova, Alidə Mustafayeva və Quşçu kənd sakinləri Aqil Abbasov və Məmməd İbrahimov çıxış ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttini uğurla davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə qazanılan uğurlardan geniş bəhs edilib.
Çıxış edənlər ötən illər ərzində ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, iqtisadi islahatlardan, əhalinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində atılan addımlardan danışaraq bildiriblər ki, məqsədyönlü siyasət nəticəsində Azərbaycan inkişaf baxımından dünya dövlətləri arasında ön sıralara sahib olub.
Diqqətə çatdırılıb ki, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab İlham Əliyevin sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olunub.
Natiqlər eyni zamanda qeyd ediblər ki, müasir tariximizin yeni dövrü dövlət suverenliyimizin bərpasından sonra başlayıb.
Görüşdə iştirak edən seçicilər bildiriblər ki, seçki günü qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevə səs verəcəklər.