Xəbərlər
Qlobal təşəbbüs
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Qlobal səviyyəli məsələlərin, böhranların həlli dövlətlərin birliyini tələb edir. Dünyada iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizənin xüsusi özəlliyi ondan ibarətdir ki, dövlətlər siyasi və iqtisadi məsələlərdən fərqli olaraq bu istiqamətdə birlik nümayiş etdirməyi bacarırlar. İqlim dəyişmələri hər bir ölkəyə müəyyən fəsadlar yaratdığı üçün onlar formalaşdırılan birgə platformalarda, təsisatlarda bu fəsadların aradan qaldırılması istiqamətin vahid qərarlar verir və hədəflər müəyyənləşdirir.
Hər zaman qlobal təşəbbüsləri ilə fərqlənən Azərbaycan dünyada iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması istiqamətində də önəmli addımlar atır. 2021-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramına əsasən beş Milli Prioritetdən biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının reallaşdırılması bu Milli Prioritetdə hədəflənən əsas məqsədlərdir.
Azərbaycan eyni zamanda enerji sahəsində yaşıl enerjinin istehsalı və ixracı istiqamətin ilkin addımları atıb. Ötən il "Xızı-Abşeron" Külək Elektrik Stansiyası, cari ildə açılışı edilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası buna nümunədir.
Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-a ev sahibliyi etməsi yaşıl mühit istiqamətində işlərin və qarşıdakı hədəflərin hansı səviyyədə həyata keçirilməsini göstərir.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dünyaya önəmli bir mesajdır. Azərbaycan bütün dünya ölkələrini yaşıl dünya naminə həmrəylik nümayiş etdirməyə çağırır.