Xəbərlər
Azərbaycan müsbət beynəlxalq reputasiyaya malik ölkədir

Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri
Prezident İlham Əliyevin noyabrın 23-də çoxsaylı tamaşaçı auditoriyası olan, məşhur “Euronews” televiziyasına verdiyi müsahibə dünyada və regionda baş verən geosiyasi hadisələri qiymətləndirmək, dövlətimizin rolunu və mövqeyini müəyyən etmək baxımından olduqca əhəmiyyətlidir. Müsahibədə Prezident İlham Əliyevin toxunduğu məsələlər ölkəmizin gələcəyinin və strateji inkişafının mənzərəsini canlandırırdı.
Azərbaycanın müstəqil xarici və daxili siyasət apardığını qeyd edən dövlətimizin başçısı ölkəmizin siyasətinin milli maraqlar üzərində qurulduğunu, qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumağı uğurla bacardığını vurğulayıb. Beynəlxalq reputasiyaya malik olan Azərbaycanın son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edə bildiyini xüsusi olaraq qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasətinə qarşı çıxanlara, ölkəmizlə təzyiq gücü ilə danışmaq istəyənlərə olduqca tutarlı cavab verərək müasir dünyada Azərbaycanın rolunu və mövqeyinin nədən ibarət olduğunu göstərib. Bundan sonra da ölkəmizin müstəqil siyasətini davam etdirəcəyini qətiyyətlə qeyd edən dövlətimizin başçısı Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına dördüncü ildir ki, sədrlik etdiyini xatırladaraq vurğulayıb: “Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Biz Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atdıq, parlament və gənclər platformalarını yaratdıq, qadınlar üçün platformanın yaradılması üzərində işlədik.
Biz COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım etdik. Beləliklə, bizim Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı və yeri gəlmişkən, bizim sədrliyimiz yekdil qərarla əlavə bir il uzadılmışdır. 120 ölkə, onların heç də hamısı bir-biri ilə yaxşı münasibətdə deyil, lakin Azərbaycana gəldikdə onların hamısı yekdilliklə bizi dəstəklədi. Beləliklə, bu, beynəlxalq dəstəyi ən yaxşı şəkildə nümayiş etdirir. Bəzən bəzi siyasətçilər beynəlxalq birlik haqqında danışdıqda onlar ola bilsin ki, onlarla ölkəni nəzərdə tuturlar. Lakin beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Bu, yalnız bir istiqamətdir”.
Azərbaycanın müstəqil xarici siyasət kursuna malik olması ölkəmizin yüksək beynəlxalq nüfuzunu şərtləndirən başlıca amildir. Bu, bir həqiqətdir ki, müasir dünya siyasətində milli dövlətlər əməkdaşlıq kriteriyası kimi ilk növbədə, müstəqil xarici siyasət kursuna malik olmaq etibarilə suveren subyekt kimi təmsil olunmaq qabiliyyətini və tərəfdaş dövlətin yerləşdiyi geostrateji bölgənin təhlükəsizliyinə nə dərəcədə təsir etmək imkanlarını əsas götürürlər. Bu baxımdan, Azərbaycan yüksək beynəlxalq reytinqə malik olan milli dövlət kimi tanınır. Bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazandırıb.
Ölkəmiz hər zaman beynəlxalq münasibətlərdə balanslaşdırılmış, müstəqil siyasət həyata keçirir, ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirir. Elə bu səbəbdəndir ki, Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur. Azərbaycanın suveren hüquqlarının, milli maraqlarının təmin edilməsi, ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsi, Avropa üçün mühüm əhəmiyyət kəsb edən nəhəng transmilli enerji layihələrinin davam etdirilməsi qarşıdan gələn dövrdə də diqqət mərkəzində olacaq. Dövlətimizin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi prinsiplərin reallaşdırılması istiqamətlərində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq tam gerçəkləşdirilməsini təmin edib. “Bu gün beynəlxalq münasibətlərdə kim güclüdür, o da haqlıdır” prinsipini öz bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu.