Xəbərlər
Xocalı Soyqırımı Memorialı: ədalətin bərpası
İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri
Tarixin ayrı-ayrı mərhələlərində Azərbaycan xalqına qarşı qənim kəsilmiş mənfur düşmənlərimiz ərazi iddialı ilə yanaşı, doğma sakinlərimizi yurd-yuvalarından didərgin salmaqla etnik təmizləmə siyasəti həyata keçirmiş, öz işğalçılıq planlarını reallaşdırarkən mülki əhalini hədəf almışlar. Heç bir ədalətə, beynəlxalq hüquqa sığmayan, dinc əhaliyə qarşı kütləvi şəkildə ermənilər tərəfindən törədilmiş qəddar cinayətlər əslində onların iç üzünü ortaya qoymuş olur. 30 ilə yaxın bir dövrdə Azərbaycan torpaqlarının işğal altında saxlanılması, bununla yanaşı həmin ərazilərdə xalqımıza məxsus tarixi, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi və saxtalaşdırılması ermənilərin beynəlxalq hüquq normalarına, humanitar prinsiplərə və mədəni irsin qorunmasına dair qəbul olunmuş konvensiyalara zidd hərəkətlərinin bariz nümunələridir. Erməni millətçiləri tərəfindən həyata keçirilmiş qətliamlar sırasında öz amansızlığı və dəhşətləri ilə tarixin qanlı səhifələrinə həkk olunmuş Xocalı soyqırımı xalqımızın yaddaşında əbədi yazılmaqla yanaşı, Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biri kimi hər zaman xatırlanmış və xatırlanacaqdır. İnsanlıqdan uzaq, qadınlara, uşaqlara, qocalara rəhm etmədən vəhşicəsinə törədilmiş Xocalı soyqırımından ötən dövr ərzində bu hadisə hər zaman xalqımızın yaddaşında silinməz bir kədər, eyni zamanda ədalətin bərpasına olan inam və mübarizə əzmi kimi yaşadı. Zaman keçdikcə Xocalı soyqırımı yalnız kədər və hüzn rəmzi kimi deyil, həm də birliyimizin, milli həmrəyliyimizin və mübarizə əzmimizin simvoluna çevrildi. Bu faciə xalqımızı sarsıtsa da, onun inam hissini daim qəlblərdə yaşatdı, milli şüurun formalaşmasında, vətənpərvərlik ruhunun güclənməsində mühüm rol oynadı. Tarixi ədalətin bərpası isə 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı reallığa çevrildi. Neçə illik həsrətə son qoyan haqq savaşımızda ölkəmiz ərazi bütövlüyünü bərpa etdi. 44 günlük savaşın növbəti mərhələsi olaraq 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində digər bölgələrimiz kimi Xocalı şəhərinin azad olunması Xocalı qurbanlarının ruhu qarşısında borcun yerinə yetirilməsi, xalqımızın qürurunun və ləyaqətinin bərpası idi. Vətən müharibəsi və antiterror əməliyyatları göstərdi ki, xalqımız öz tarixi yaddaşını unutmur və ədalət uğrunda mübarizədən geri çəkilmir. Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin dəmir iradəsi və qətiyyəti, ordumuzun qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı, xalqın birliyi nəticəsində illərlə davam edən işğala son qoyuldu. 15 oktyabr 2023-cü il tarixdə Prezident cənab İlham Əliyev tərəfindən Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması böyük tarixi əhəmiyyət daşıyan hadisə olmaqla, ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpasının, Xocalının öz doğma sakinlərinə qaytarılmasının əyani sübutu, Azərbaycan xalqının uzun illər arzuladığı ədalətin bərpasınının təntənəsi idi. İşğaldan azad edildikdən dərhal sonra digər şəhər və rayonlarımız kimi Xocalı şəhərində də genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Şəhərin yenidən dirçəldilməsi infrastrukturun bərpası ilə yanaşı həm də tarixi yaddaşın yaşadılmasını, milli kimliyin qorunmasını, illər öncə mənfur düşmən tərəfindən amansızcasına qətlə yetirilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılmasını özündə ehtiva edir. Məhz bu məqsədlə həyata keçirilən ən mühüm layihələrdən biri Xocalı Soyqırımı Memorialının inşası oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin 26 fevral 2026-cı il tarixində Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etməsi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onların ruhuna ehtiramın ifadəsi kimi böyük simvolik məna daşıyır, abidənin dövlət səviyyəsində xüsusi əhəmiyyətə malik olduğunu və yüksək qiymətləndirildiyini nümayiş etdirir. Xocalı Soyqırımı Memorialı yalnız memarlıq baxımından estetik görünüşü ilə deyil, həm də daşıdığı mənəvi və tarixi mesajla seçilir. Abidənin layihələndirilməsi zamanı Xocalı faciəsinin miqyası, insan itkisi və müharibənin ağrı-acıları nəzərə alınmış, hər bir detal simvolik məna daşıyacaq şəkildə hazırlanmışdır. Memorial ziyarətçilərə faciənin tarixi fonu haqqında dolğun məlumat əldə etmək imkanı yaradır, gənc nəslin milli tarixə daha dərindən bələd olmasını formalaşdırır, tarixi yaddaşın qorunması və ötürülməsində böyük maarifləndirici əhəmiyyət kəsb edir. Xocalı Soyqırımı Memorialı həm də beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği üçün mühüm platforma rolunu oynamaqla buraya gələn xarici turistlərə, tədqiqatçılara və diplomatlara təqdim olunan tarixi materiallar vasitəsilə Xocalı hadisələrinin mahiyyəti ilə daha yaxından tanış olmalarına şərait yaradacaq. Beləliklə, abidə təkcə milli yaddaş mərkəzi deyil, həm də qlobal tarixi dialoq məkanı kimi formalaşmaq potensialına malik olacaq. Memorialın yaradılması eyni zamanda sülhün, humanizmin və ədalətin təbliğinə xidmət edir. Müharibələrin insanlığa gətirdiyi fəlakətləri xatırladan bu abidə gələcək nəsillərə sülh şəraitində yaşamağın və milli həmrəyliyin əhəmiyyətini çatdırır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanın gələcək inkişaf perspektivlərinə olan inamı daha da gücləndirir, tarixi ədalətin bərpası istiqamətində atılan addımlar Azərbaycan xalqının milli qürur hissini möhkəmləndirir və ölkənin dövlətçilik ənənələrinin davamlılığını təmin edir. Azərbaycan xalqı öz keçmişini unutmadan, şəhid və soyqırımı qurbanlarının xatirəsini daim uca tutur, ədalət və sülh ideyalarının tam şəkildə bərqərar olması uğrunda mübarizəsini əzmlə davam etdirir.
