YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təhlükəsizliyinə davamlı töhfələr verdiyini görərik. Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatıdır. Görülən işlərin zirvəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın başlanğıcıdır. 2020-ci ilin sonunda TAP-ın istifadəyə verilməsi ilə bu layihənin icrası tam şəkildə başa çatdı. Günümüzün əsas çağırışları sırasında TANAP-ın, TAP-ın genişləndirilməsi də xüsusi yer tutur.

Ümumilikdə son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından nəzərdən keçirilməsi bölgədə, dünya birliyində sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Azərbaycan sabitlik və əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir.

Dekabrın 10-da Serbiyaya işgüzar səfər edən dövlət başçısı İlham Əliyev Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışında qeyd etmişdir ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri, bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcək: “Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.”

Cənab İlham Əliyev bu mühüm məqamı da dostluğumuzun növbəti təzahürü kimi qeyd etmişdir. “Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəyini göstərdilər. Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir” söyləyən cənab İlham Əliyev Azərbaycan-Serbiya, Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafında prezidentlərin şəxsi dostluq münasibətlərinin rolunu xüsusi vurğulamışdır. Qarşılıqlı səfərlər də bu əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsində öz sözünü deyir. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya və Bolqarıstan prezidentləri ilə təkbətək görüşləri olmuşdur. Həmin görüşlərdə  əlaqələrimizin gələcək inkişafı barədə fikir mübadiləsi aparılmışdır. Belə bir əminlik ifadə edilmişdir ki, Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru dünyanın enerji təhlükəsizliyinin təminatında öz sözünü deyəcək.

Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində də Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə gündəmə gətirdiyi layihələrin uğurlu icrasından, əməkdaşlığın coğrafiyasının genişləndirilməsindən, dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın artan rolundan geniş bəhs edilmişdir.

“Enerji təchizatı məsələsi son iki ildə Avropada ən çox müzakirə olunan mövzulardan biridir. Sizin ölkənizin enerji biznesi ilə bağlı baxışınız nədən ibarətdir” sualına cavabında Prezident İlham Əliyev bildirmişdir ki, enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün Azərbaycan  Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir. Həmçinin ölkəmiz Macarıstan və Serbiya ilə müqavilələr imzalayıb.  Bununla yanaşı, Albaniya da qazın paylanılmasına dair planlarımıza daxildir: “Baxın, Avrasiyada və əsasən də Avropada neçə ölkə bizim tərəfdaşımızdır və Azərbaycan qazına olan tələbat artmaqdadır. Biz Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verdik. Bu, bizim işgüzar əlaqələrimizin vacib hissəsi olmaqda davam edəcək. Eyni zamanda, mən artıq bərpa olunan enerji sahəsinə toxundum. Bu gün Bakıda olduqca küləkli gündür və bu, normal hava şəraitidir və biz xüsusilə də Xəzər dənizində nəhəng potensiala malikik. Artıq 10 qiqavat həcmində külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzalanıb. Bu, Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcəkdir. Bununla yanaşı, Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək.”

Göründüyü kimi, günümüzün əsas çağırışı bərpa olunan enerji resurslarına investisiyaların yatırılmasıdır. Ölkəmizin bu sahədə böyük potensiala malik olması beynəlxalq səviyyədə də təqdir edilir. Bu potensial əməkdaşlığın coğrafiyasının genişləndirilməsində, yeni tərəfdaşların, dostların qazanılmasında əhəmiyyətli rol oynayır.