Xəbərlər
Azərbaycan etibarlı və arzuolunan tərəfdaşdır

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
“Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.” Dövlət başçısı İlham Əliyev dekabrın 10-da Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində onu da bildirmişdir ki, gələcək planlarımız qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Əsas hədəfimiz bərpa olunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpa olunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.
Cənab İlham Əliyev həmin açılış mərasimində dostluq münasibətlərimizin növbəti təqdimatı olan bu mühüm hadisəni də qeyd etmişdir ki, həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsini dəstəklədilər. Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük: “Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.”
Bu reallıq da inkaredilməzdir ki, ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunun möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın iştirakçısı, həmçinin təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri nəqliyyat dəhlizi kimi önəmini artırır. Uğurlu siyasəti ilə yeni dostlar, tərəfdaşlar qazanan ölkəmiz yeni əmkdaşlıq formatlarının müəllifi kimi də nüfuz qazanır. Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində söylənilən fikirlər, gündəmə gətirilən məsələlər də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna işıq salır. Qeyd etdiyimiz kimi, bu uğurlar düşünülmüş və məqsədyönlü siyasətin, təkmil islahatların, Azərbaycanın yeniliyə maraq göstərməsinin və tətbiqinin nəticəsidir. İnnovasiyalar ölkəsi kimi tanınan Azərbaycan bu yenilikləri bütün sahələrdə tətbiq edir.
Azərbaycanın enerji və nəqliyyat sektorunda qazandığı uğurlar göz qabağındadır. Dövlət başçısı İlham Əliyevin Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində qeyd etdiyi kimi, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər.
Tarixən neft ölkəsi kimi nüfuz qazanan Azərbaycan bu gün beynəlxalq aləmdə mühüm qaz ixracatçısı kimi tanınır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrilən Azərbaycan bu əlaqələrin coğrafiyasını genişləndirməklə dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Artıq dünya Cənub Qaz Dəhlizinin perspektivlərindən danışır. Cənab İlham Əliyev sözügedən açılış mərasimində bir daha vurğuladı ki, Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir.
Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Bu əminlik də ifadə olundu ki, yaxınlarda Azərbaycan Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcək.
Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində də Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolundan geniş bəhs edərək bildirmişdir ki, bu gün Bakıda olduqca küləkli gündür və bu, normal hava şəraitidir. Azərbaycan xüsusilə də Xəzər dənizində nəhəng potensiala malikdir. Artıq 10 qiqavat həcmində külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzalanıb. Bu, Azərbaycana yanacaq enerjisindən bərpa olunan enerjiyə rahat keçid imkanı verəcək. Bununla yanaşı, Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək.
Cənab İlham Əliyev müsahibəsində diqqəti bu reallığa da yönəltmişdir ki, bu günədək iqtisadi inkişafımız, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə müsbət olub. İşğal dövründə belə iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Genişmiqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplansın.
Müsahibədə Azərbaycanın tranzit imkanları da geniş təhlil edildi. Regionumuzun, Avrasiyanın xəritəsinə baxsaq görərik ki, bütün əsas nəqliyyat marşrutları ərazidən keçir. Azərbaycan ən müasir nəqliyyat infrastrukturunu yaradıb. Bu da əlavə imkanlar yaradacaq. Dövlət başçısı Bildirir ki, yüz minlərlə keçmiş məcburi köçkünü məskunlaşdırmağı planlaşdırdığımız Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş əraziləri də əlavə aparıcı qüvvə olacaq. Beləliklə, nə iqtisadi, nə də digər sahələrdə ölkəmiz üçün hər hansı bir potensial risklər görünmür.
Qeyd etdiyimiz kimi, Azərbaycan bu gün iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Enerji və nəqliyyat sahələri qarşılıqlı əlaqələrimiz, regional inkişaf üçün çox mühümdür. Bu gün ölkəmizlə bağlı söylənilən fikirlərə nəzər salsaq bu məqam xüsusi qeyd edilir ki, Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır.