Xəbərlər
Mühüm tarixi qərar

Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Partiyamızın tarixi qərarı
Dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş tərkibdə keçirilən iclasında YAP Gənclər Birliyinin üzvləri olaraq böyük qürur və fəxr hissi ilə iştirak etdik. Tarixi zərurətdən yaranan Partiyamız ölkəmizin inamlı gələcəyini təmin edəcək mühüm tarixi qərar qəbul etdi. Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyev olacaqdır. Bu qərar xalqımızın iradəsinin ifadəsidir.
Tarixin bəxş etdiyi lider
Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu yolda ölkəmizin inamla irəliləməsi yalnız Prezident İlham Əliyevin uzaqgörən və müdrik liderliyi sayəsində mümkündür. Prezident İlham Əliyev hər zaman xalqımız qarşısında bütün vədlərini yerinə yetirən xalqın Prezdenti kimi yaddaşımıza həkk olub. Bəlkə də çoxlarının inanılması qeyri-mümkün hesab etdiyi Qarabağımızın işğaldan azad edilməsi Prezident İlham Əliyevin tarixin Azərbaycana bəxş etdiyi nadir lider olduğunu göstərir. Məhz onun sayəsində hər bir Azərbaycan gənci qarşıya qoyulan hədəfə nail olmaq üçün inanmaq bacarığının nə olduğunu anlayır.
Yeni dövrdə xalq qətiyyətinin nümayişi
Azərbaycan xalqı əslində öz tarixi və məntiqli seçimini 1993-cü ildə Ulu Öndər Heydər Əliyev yoluna sadiq olmaqla nümayiş etdirib. İndi ölkəmizi daha güclü və daha inkişaf etmiş rifah dövləti olaraq inşa etmək zamanıdır. Nəyi nə zaman etməyin məntiqinin mahiri olan, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha güclü olmaq naminə Azərbaycan xalqı olaraq tarixi seçimdə nə qədər qətiyyətli olduğumuzu bütün dünyaya nümayiş etdirməliyik.